...

Macarıstanda Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar bayram konserti keçirilib

Mədəniyyət Materials 13 Sentyabr 2013 13:59 (UTC +04:00)
Budapeştin mərkəzindəki tarixi “Korintiya” zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar təntənəli bayram konserti keçirilib.
Macarıstanda Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar bayram konserti keçirilib

Azərbaycan, Bakı, 13 sentyabr / Trend, müxbir S.Əhmədova /

Budapeştin mərkəzindəki tarixi "Korintiya" zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar təntənəli bayram konserti keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı Səfirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin və Art Prodakşn şirkətinin birgə təşkilatçılığı ilə baş tutan konsertdə Budapeştin "Dunay" simfonik orkestri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin proqramla çıxış edib.

Konsertin əvvəlində iştirakçılara Heydər Əliyevin həyat yolu, Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində böyük xidmətləri, xalqın siyasi, iqtisadi və mədəni həyatına əvəzsiz töhfələri barəsində ingilis və macar dillərində geniş məlumat verilib.

Azərbaycan Respublikasının xalq artisti Rauf Abdullayevin dirijorluğu altında "Dunay" simfonik orkestri Niyazinin "Rast" simfonik muğamını, Qara Qarayevin "Yeddi gözəl" baletindən parçaları, Fikrət Əmirovun "Azərbaycan kapriççiosu"nu böyük məharətlə ifadə edib. İstedadlı vokalçılar Səidə Şərifəliyevanın və Samir Cəfərovun ifasında Azərbaycan və Avropa klassik operalarından səslənən ariyalar böyük maraqla qarşılanıb.

Diplomatik korpus təmsilçiləri, Macarıstan sənət adamları və çoxsaylı musiqi pərəstişkarları Heydər Əliyev ideyalarının və Azərbaycan-macar sənət dostluğunun rəmzinə çevrilən təntənəli bayram konsertini yüksək dəyərləndirmiş və virtouz ifaçıları dəfələrlə ayaq üstə alqışlamışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti