...

"Heydər Əliyev Mərkəzindəki "Həyat, ölüm və gözəllik" sərgisi fantastik fürsətlər yaradıb" (FOTO)

Mədəniyyət Materials 5 Oktyabr 2013 13:13 (UTC +04:00)
"Məncə Azərbaycanın böyük potensialı var və ölkə doğru istiqamətdə irəliləyir. Burada tarixi irsə münasibəti bəyənirəm. Köhnə şəhər çox əsrarəngiz görünür...
"Heydər Əliyev Mərkəzindəki "Həyat, ölüm və gözəllik" sərgisi fantastik fürsətlər yaradıb" (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

"Məncə Azərbaycanın böyük potensialı var və ölkə doğru istiqamətdə irəliləyir. Burada tarixi irsə münasibəti bəyənirəm. Köhnə şəhər çox əsrarəngiz görünür. Əgər Vorholdan danışsaq, demək olar ki, onun sənəti vacib məqamlar üzərində dayanmağa vadar edir. Heydər Əliyev Mərkəzindəki "Həyat, ölüm və gözəllik" sərgisi fantastik fürsətlər yaradır. Mədəniyyətlərin kəsişməsində yerləşən Bakıda regionun müasir rəssamlarının sərgisini təşkil etmək istərdim". Trend-in məlumatına görə, bu sözləri Endi Vorholun (Andy Warhol) Heydər Əliyev Mərkəzində keçirilmiş "Həyat, ölüm və gözəllik" sərgisinin kuratoru Canni Merkurio "Baku" jurnalına müsahibəsində deyib.

E.Vorholun Bakıda ilk dəfə təşkil olunan sərgisi son gününədək istər Bakı sakinləri, istərsə də turistlər tərəfindən böyük maraqla qarşılandı. İyunun 21-dən sentyabrın 9-dək davam edən sərgini ümumilikdə 10 mindən çox tamaşaçı izlədi. E.Vorholun 85 illik yubileyi münasibətilə rəssamın doğum günündə - avqustun 6-da Heydər Əliyev Mərkəzi açıq qapı günü elan etmiş, təkcə həmin gün sərgiyə 500-ə qədər tamaşaçı gəlmişdi.

Qeyd edək ki, Amerika müasir incəsənətinin məşhur siması, pop-artın kralı sayılan E.Vorhol sağlığında əfsanəyə çevrilmiş sənət adamlarından idi. XX əsrin 60-80-ci illərində yüzlərlə insan özünü onun yaratdığı kətan tablolar üzərində görməyi arzulayırdı. Pop-art məhz real həyat obrazlarını təsvir edən müasir incəsənət janrıdır. E.Vorhol pop-artı ictimailəşdirdi. Məsələn, adi ərzaq məhsulu olan konserv şorba - Soup Campbell-in qiyməti o dövrdə 5 sent idi. Ancaq E.Vorhol bu ərzaq məhsulunu incəsənət predmetinə çevirərək onu əks etdirən tabloları 100 dollara satırdı. 1962-ci ildə ərsəyə gəlmiş "Soup Campbell" əsəri rəssamın məşhurluq yolunda vizit kartı kimi qəbul olundu. Bu gün E.Vorholun əsərləri satılma dərəcəsinə görə Pablo Pikassonu ötüb keçərək birinci yeri əldə edib. Onun ən bahalı əsəri Elvis Preslinin canlandırıldığı "Səkkiz Elvis"dir. Bu kompozisiya 2008-ci ildə 100 milyon dollara satılıb və dünyanın ən bahalı əsərləri sırasında 8-ci yerdə durur.

E.Vorhol 59 illik həyatı boyu incəsənətin müxtəlif növləri ilə məşğul olub. O, rəssam olmaqla yanaşı, həm də kolleksiyaçı, dizayner, kinorejissor, heykəltəraş, yazıçı və prodüser idi.

E.Vorholun indiyə qədər 40-dan çox ölkədə sərgisi təşkil olunub. Rəssamın Berlində 250, Parisdə 130, Moskvada 70, Nyu-Yorkda 45, Kiyev, Honkonq və İstanbulda 40-a yaxın əsəri nümayiş etdirilib. Bakı sərgisində isə 89 rəsm və 18 fotokompozisiya olmaqla 107 əsər sərgilənirdi.

Sərgidə Jaklin Kennedi daxil olmaqla, 70 və 80-ci illərin bir çox tanınmış nümayəndələrinin təsvirlərini özündə birləşdirən "Portretlər və simvolik obrazlar" bölməsi insanda ilk baxışdan heyrət hissi yaradırdı. Çünki həmin portretlərdə obrazların güzgüdə olduğu kimi dəqiq təsvirinin şahidi olurdun. Bu bölmədə Dennis Hopper, Lana Törner və Leninin də portretləri vardı. Onların, eləcə də Bakı sərgisində nümayiş olunmayan çoxsaylı portretlərin yaradılmasında E.Vorhol Şərqdə mövcud olan ipəkbasma texnologiyasında istifadə edib. Bu üsul sayəsində o, eyni obrazın dəfələrlə təkrarlanmasına nail olurdu.

E.Vorholun 85 illik yubileyi münasibətilə Rusiyanın məşhur dəb və gözəllik jurnalı "Allure" onu ruhlandıran 8 ilham pərisinin adını açıqlamışdı: Bricit Bordo, Jaklin Kennedi, Merlin Monro, Elizabet Teylor, Debora Xarri, Diana fon Fyurstenberq, Edi Sejvik, Liza Minelli. Bu tanınmışlardan üç ən məşhurunun - Jaklin Kennedi, Merlin Monro və Layze Minellinin portretini Bakı sərgisində görmək mümkün oldu.

Qeyd edək ki, E.Vorhol daim gözəl xanımların əhatəsində olmağı çox sevirdi. Adıçəkilən xanımların əksəriyyəti ilə onların portretlərinin yaradılması ərəfəsində tez-tez ünsiyyətdə olurdu. Yalnız M.Monro istisna idi. Rəssam onun portretini "Merlin Monronun ölüsü tapılıb" xəbərini eşidən kimi çəkməyə başlayıb. Bu əsər aktrisanın çəkildiyi "Niaqara" filminin fraqmentləri əsasında yaradılıb.

Heydər Əliyev Mərkəzindəki "Həyat, ölüm və gözəllik" sərgisində heliumla doldurulmuş metal qatlı plastmas plyonkalardan düzəldilmiş "Gümüş buludlar" instalyasiyası ən çox maraq doğuran işlər sırasında idi. Bakı sərgisinin ən önəmli cəhətlərindən biri də E.Vorholun özünəməxsus tərzdə yaratdığı Leonardo Da Vinçi şedevrlərindən üçünün burada olması idi. Da Vinçinin "Müjdə", "Mona Liza" və nəhayət, "Sonuncu şam yeməyi" əsərlərinin E.Vorhol versiyaları sərgidə nümayiş olunan əsrarəngiz yaradıcılıq nümunələrindən hesab oluna bilər.

Bakı sərgisinin özəlliyi həm də onda idi ki, burada E.Vorhol yaradıcılığı, eləcə də müasir incəsənət barədə təsəvvürü olmayan şəxslər onun haqqında tam, ətraflı məlumat əldə etmək imkanı əldə edirdi. Və müxtəlif mədəniyyətlərin bir-birinə tanıtımı, eləcə də dünya rəssamlıq irsinin Azərbaycanda tanıtımı bu sərginin əsas məqsədlərindən idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti