Azərbaycan, Bakı, 27 aprel /Trend/
Mayın 1-də, saat 17:00-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kino və teatr aktyoru Muxtar Avşarovun 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir.
İttifaqdan Trend-ə verilən məlumata görə, tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.
Bənzərsiz təkrarolunmaz yaradıcılığı ilə Azərbaycan teatr və kino sənətinin inkişafına təkan verən istedadlı sənətkarlarımızdan biri, xalq artisti M.Avşarov 90 illik ömrünün 60 ilini sənətə həsr edib.
Səhnəyə, kinoya qədəm qoyduğu ilk vaxtlardan ömrünün sonunadək sənətdə peşəkarlıq nümayiş etdirən M.Avşarov istər müsbət, istərsə də mənfi rolları ilə sənət bilicisi olduğunu təsdiq edib. Sənətə təsadüfi gəlmədiyini hər bir ifasında vurğulayıb.
İstedadlı aktyor ona həvalə olunan personajları sevgi ilə qəbul edər, bənzərsiz mizanlar axtarar, böyük və kiçikliyindən asılı olmayaraq, rolları özünəməxsus ifa maneraları, təbii boyalarla təqdim edərdi.
Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ailə üzvləri ilə birlikdə Türkiyəyə, bir müddət sonra isə Gəncəyə köçüb.
1922-ci ildə Gəncədəki Dəmiryol məktəbində oxuyub. Doqquzillik dəmiryol məktəbini bitirdikdən sonra Bakıya gəlib. 1933-cü ildə sənət məktəbini bitirib yenidən Gəncəyə qayıdıb. Gəncə paravoz deposunda maşinist köməkçisi işləyib, eyni zamanda, Dəmiryolçuların Gənc Tamaşaçılar teatrında aktyor kimi fəaliyyət göstərib. Bir müddətdən sonra Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərməyə başlayıb. İlk dəfə peşəkar səhnəyə C.Məmmədquluzadənin "Ölülər" əsərində Hacı Kazım rolu ilə çıxıb.
C. Cabbarlı adına Dram Teatrının səhnəsində yüzdən artıq tamaşada rol oynayıb. Xarakterik rolların məharətli ifaçısı olduğuna görə 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət alıb, 1990-cı ilin sonlarınadək burada çalışıb.
Muxtar Avşarov kinoda fərdi istedadını H.Seyidzadənin 1965-ci ildə çəkdiyi "Yenilməz batalyon" filmində Rəis rolu ilə təsdiqləyib. Bundan sonra bir-birinin ardınca filmlərə çəkilib. "Dəli Kür" filmində Allahyarın dostu, "Gilas ağacı"nda Səftərəli, "Qızıl uçurum"da arabaçı, "Qanlı zəmi"də iranlı zabit, "Kişi sözü"ndə Ələmdar və başqa yaddaqalan rollar yaradıb.
Ömrünü sənətə sərf edən aktyor 1992-ci ildə Bakı Bələdiyyə Teatrında çalışıb. Teatrda işlədiyi müddətdə bir çox tamaşalarda maraqlı, rəngarəng obrazlar yaradıb. Sənətdə göstərdiyi xidmətlərə görə 1960-cı ildə respublikanın əməkdar, 2002-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Realist yaradıcılığı, müsbət şəxsi keyfiyyətləri ilə yadda qalan M.Avşarov 2004-cü il dekabrin 1-də dünyasını dəyişib.