...

“Çəkməli pişik” səhnələşdirilir

Mədəniyyət Materials 22 May 2015 11:30 (UTC +04:00)
“Çəkməli pişik” səhnələşdirilir
“Çəkməli pişik” səhnələşdirilir

Azərbaycan, Bakı, 22 may /Trend/

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın məşqlərinə start verilib. Uşaqların sevimli məkanında bu dəfə dünya ədəbiyyatına müraciət olunub. Belə ki, balacaların sevimli nağıl qəhrəmanı "Çəkməli pişik" tam fərqli səhnələşdirmə ilə teatrsevərlərin ixtiyarına veriləcək.

Teatrdan Trend-ə verilən məlumata görə, dünya uşaq ədəbiyyatında ən tanınmış və sevimli sənətkarlardan biri olan fransız şair və tənqidçisi Şarl Perronun bu məşhur əsərinə yeni səhnə həyatı verən teatrın rejissoru Anar Məmmədov tamaşaya əlavə olunan yeni obrazlar və mətnlərlə nümunəni uşaqların anlaya biləcəyi tərzdə təqdim etmək istədiklərini deyib: "Yeni obrazlar tamaşanı daha çox açmağa xidmət edəcək. Çünki əsərdə bir neçə mövzu var və bütün bu mövzuların fonunda yaxşılıq naminə yalan danışmaq əsas yer tutur. Müəllifin əsərində bunu əsas götürməklə yalanın əslində pis vərdiş olduğunu və sadəcə zaman-zaman yaxşılığa xidmət etdiyini göstərməyə çalışmışıq. Sonda, təbii ki, qəhrəmanların dilindən yalanın yaxşı vərdiş olmadığı, yaxşılıq xatirənə olsa belə adətə çevrilməməyi təlqin olunur".

Lovğalıq, xudpəsəndlik kimi mənfi xüsusiyyətlərin qəhrəmanların dilindən tənqid olunduğu birhissəli kukla tamaşası mövsümün sonunda balacaların ixtiyarına veriləcək.

Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

Səhnə işində əsas rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Tamilla Bünyatova, Rəhim Rəhimov, Cavid Telman və başqaları ifa edəcək.

Tamaşa bu teatr mövsümünün sonunadək balaca teatrsevərlərin ixtiyarına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti