...

"Youth Vision" müsabiqəsində yol xərclərini iştirakçılar ödəyəcək

Mədəniyyət Materials 7 İyun 2016 15:25 (UTC +04:00)
Bu il 22-24 iyun tarixində Bakının Heydər Əliyev Sarayında "Həmişə gənc" şüarı altında "Youth Vision" beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.
"Youth Vision" müsabiqəsində yol xərclərini iştirakçılar ödəyəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Bu il 22-24 iyun tarixində Bakının Heydər Əliyev Sarayında "Həmişə gənc" şüarı altında "Youth Vision" beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. Trend-in məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova brifinqdə deyib.

Onun sözlərinə görə, müsabiqənin keçirilməsi təşəbbüsü Azərbaycan Respublikası Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur: "Yarışmanı İttifaqla birgə Gənclər və İdman Nazirliyi keçirir. Müsabiqə ilə bağlı Youthvision.az saytı yaradılıb. Müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim edirlər".

S.Məmmədova təşkilat komitəsi tərəfindən seçilən ən yaxşı ifaçılara müsabiqədə iştirak üçün dəvət məktublarının artıq göndərildiyini deyib. Müsabiqədə iştirakçı, münsif və onları müşayiət edən şəxs qismində 72 nəfər nümayəndənin gəlişi gözlənilir. Müsabiqədə Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya, Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan dövlətlərinin gənc ifaçı və münsifləri iştirak edəcək.

Mətbuat katibi xatırladıb ki, 2013-cü il iyunun 21-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Heydər Əliyev adına Sarayda "Univiziya" tələbələrin birinci beynəlxalq mahnı yarışması keçirilib. Həmin yarışma ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında baş tutub. Bu ildən müsabiqənin əhatə dairəsi genişləndirilərək gənclər də cəlb edilib və "Youth vision" adlandırılıb. Müsabiqədə 14-35 yaş arası gənclər iştirak edə bilər. Müsabiqədə ilk dəfə səslənən və ya tanınmış mahnılar ifa edilə bilər.

Müsabiqədə hər ölkəni öz münsifi təmsil edir. Ölkələrini təmsil edən münsiflər ölkəsi istisna olmaqla, digər ölkələrin təmsilçilərini hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10 və 12 bal verə biləcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi olacaq. İlk üç yerin qalibi pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

S.Məmmədova müsabiqənin ümumi mükafat fondunun 6000 ABŞ dolları təşkil etdiyini bildirib. Onun sözlərinə görə, müsabiqənin keçirilməsinə 150 min manat xərclənməsi nəzərdə tutulub. Bura iştirakçıların və münsif üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər, videoçarxların çəkilişi və s. daxildir. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Müsabiqənin tərəfdaşları qismində bir neçə dövlət və özəl şirkətlərin iştirakı da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti