...

Azərbaycan Xalça Muzeyində “Ailə festivalı” adlı tədbir keçirildi (FOTO)

Mədəniyyət Materials 26 İyun 2016 17:15 (UTC +04:00)
İyunun 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü və Əsli Səmədovanın kuratorluğu ilə “Ailə festivalı” adlı tədbir keçirilib
Azərbaycan Xalça Muzeyində “Ailə festivalı” adlı tədbir keçirildi (FOTO)

Bakı. Trend:

İyunun 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü və Əsli Səmədovanın kuratorluğu ilə “Ailə festivalı” adlı tədbir keçirilib.

Muzeydən Trend-ə verilən məlumata görə, “Ailə festivalı” adlı tədbir iyunun 26-dək davam edəcək.

“Ailə festivalı” adlı tədbirin proqramı müxtəlif yaş həddinin maraqlarına cavab verən, Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarixi və mədəniyyəti ilə yaxından tanışlıq imkanı yaradıb. Burada eyni zamanda, xalçanın yaranma prosesi ilə tanışlıq, ekspozisiya guşələrində müxtəlif maraqlı müsabiqələrin, muzeydə düzgün davranış və eksponatların dərk edilməsi məqsədilə oyunlar keçirilib.

Bu yeni təşəbbüs muzey məfhumunu genişləndirərək, onu ailəvi istirahət üçün maraqlı etmək məqsədi daşıyır. “Ailə festivalı”nın keçirilmə ideyası mədəni vakuumun doldurulmasında və ölkəmizdə ailəvi asudə vaxtın mədəni və əyləncəli keçirilmə məkanı kimi muzeylərin məşhurlaşmasında ilk addım oldu. İlk təşəbbüs Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində baş tutdu.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, Muzeyin nəzdində olan Uşaq Muzeyi şöbəsi bu festival üçün, xüsusi olaraq valideyn və uşaqlar üçün maraqlı oyunlar, açıq dərslər hazırlayıb. Azərbaycan Xalça Muzeyinin bələdçiləri muzey kolleksiyası və xalça tarixi barədə 20 dəqiqəlik mini ekskursiyalar da təqdim ediblər.

Tədbir proqramında əlavə olaraq uşaqlarla çalışan xüsusi qonaq kimi dəvət olunmuş təşkilatların (“Təməl Education Center” uşaq mərkəzi, “XXI Əsr Art Studio”), xalça və parça sənayesi növlərini öyrənən həvəskarların (milli geyim və kəlağayı kolleksiyaçıları Ruslan Hüseynov və Fuad Cəbrayılov), masaüstü oyun yaradıcılarının (Sənan Mahmudov və Ayla Mirzəzadə), illüstrasiya və animasiya üzrə rəssam Aidə Əmirovanın və başqalarının iştirakı ilə həyata keçirilib. Həmçinin tədbirdə muzeyin dəvəti ilə “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası” nın üzvüləri və valideyinləri iştirak ediblər.

Festival çərçivəsində Əsli Səmədovanın təşəbbüsü, UNESCO-nun və xarici muzeylərin dəstəyi ilə “Milli İrsimiz” layihəsi Nyu-Yorkun Metropolitan muzeyinin ailə turu motivi əsasında hazırlanmış “Detallarda gözəllik” adlı xüsusi ailəvi marşrut xəritəsinin, Londonun Viktoriya və Albert Muzeyinin əlaqələndirici oyunlarının, muzey kolleksiyasını əks etdirən foto-ovların, xüsusi rəngləmə və pazlların, “Art-detektiv” müsabiqələrinin nümayişini təqdim olunub. Bundan başqa, ölkəmizdə ilk dəfə olaraq Elm Mərkəzlərinin və Muzeylərinin Avropa Assosiasiya (ECSITE) üzvlərinin materialları əsasında açıq dərslər və oyunlar məhz bu festivalda təqdim edilib. Festival çərçivəsində zaman səyahətləri barədə “Əli və Zümrüdün sehrli xalçası” nağılı müəllif tərəfindən oxunaraq və XVIII əsrdə Şuşada “Əjdaha” xalçalarının yaranması sirləri açıqlanıb.

Xəbər lenti

Xəbər lenti