Bakı. Trend:
Avqustun 12-dən 15-dək Macarıstanda bu ölkənin parlamentinin və “Turan” macar fondunun dəstəyi ilə təşkil edilmiş türkdilli ölkələrin nümayəndələrinin iştirakı ilə IV Turan xalqları qurultayı keçirilib.
Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Budapeştdə Macarıstan parlamentində olub, tanınmış ictimai xadimlərlə görüşlər keçirib. Türkdilli ölkələr və xalqlar arasında dost münasibətlərin və mədəni əlaqələrin inkişafının, türk dünyasının tarixi vəhdətinin əhəmiyyəti, mədəniyyət və ədəbiyyatın təbliğinin, mənəvi dəyərlərin tərbiyə edilməsinin zəruriliyi vurğulanıb.
“Turan” macar fondunun sədri Andraş Jolt Biro qeyd edib ki, qədim macarlar hunların birbaşa nəslindəndir və bu, Atillanın nəslindən olan Arpad xanın IX əsrin sonunda məğlubedilməz ordusu ilə bu torpaqlara gəlişi ilə bağlıdır, buna görə də macarlar öz dövlətçiliklərinin və Arpad kral sülaləsinin başlanğıcını 896-cı ildən hesablayırlar. Macar etnogenezin mühüm mərhələrindən biri Şmali Qafqazın ətəyində, indiki Dağıstan, Çeçenistan, Kabardin-Balkar və Qaraçay-Çərkəz ərazərini də əhatə etməklə baş verib. Macar tayfa ittifaqının bir hissəsi (savard-madyarlar) Cənubi Qafqaz torpaqlarına köçərək indiki Azərbaycan və Cənubi Azərbaycan (İranın şimal bölgəsi) ərazilərində yerləşib.
Xalqların gələcəkdə yaxınlaşması üçün Avropanın mərkəzində türk dünyası nümayəndələrini birləşdirən Qurultayın önəmi qeyd edilib. Qonaqlar ardından Qurultaya həsr olunmuş rəngarəng tamaşa və şənliklərdə iştirak ediblər.
Turan (hun və türk) xalqlarının yığıncağı sayılan Qurultay Macarıstanın Kiçik Kumaniya bölgəsinin Buqats şəhəri yaxınlığındakı “Kişkunşaq” milli parkında keçirilib. Əsası 1975-ci ildə qoyulan park YUNESKO tərəfindən çöl ekosistemin toxunulmaz nümunələrini qoruyan biosfer qoruğu elan edilib. Möhtəşəm bayrama Azərbaycan, Türkiyə, Macarıstan, Rusiya, Rumıniya, Bolqarıstan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Çin, Monqolustan, Ukrayna və digər dövlətlərdən olan xalqların və türkdilli ölkələrin təqribən 300 min iştitakçısı qatılıb. Tədbirin əsas məqsədi türk dünyası nümayəndələrinin bir araya gətirilməsi və onların milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsidir.
Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Macarıstandakı təəssüratlarını Trend-lə bölüşüb.
Onun sözlərinə görə, qədim biliklər, ümumi mədəni zənginlik təkcə bizim dəyərimiz deyil, həm də ümumi mədəni irsdir: “Qurultay” sözünün özü təkcə görüş mənasını vermir, həm də canlı ənənə və mənəvi önəm anlamına gəlir. Qurultay çərçivəsində xalqların mənəvi vəhdəti hiss olunur, görüş insanları hazırda ümumi keçmiş əsasında birləşdirməyə kömək edir. Macar torpağında Qərblə Şərqin bu görüşünün ruhu xalq doplomatiyası, xalqlar arasında əlaqələrin qurulması vasitəsilə də 140 milyon insana toxunur. Macarıstandakı Qurultay türk xalqlarını birləşdirir və sülhlə barışığa çağırır”.
Qurultay xoş ənənəyə çevrilib və ümumi sayı 140 milyon insan olan türkdilli xalqların mənəvi cəhətdən birləşməsinə hesablanıb, qədim bilikləri və ümumi mədəni zənginliyi bərpa etməyə kömək edir.
Möhtəşəm tamaşa zamanı dünyanın ən böyük çadırı olan “Atilla” çadırının açılışı olub, hun, sak, skif, qədim madyar, türk və qıpçaqların dövründəki piyada döyüşçülərin və atlıların silahlarla və geyimlərlə paradı, nomadların dövründəki oxatanların çıxışı, qədim silahların tətbiqi ilə “Böyük çöl” hərbi sənətinin, şərq atçılıq idmanı növlərinin nümayişi olub. İnsanlar bu Qurultayda köçəri sivilizasiyasının çiçəklənməsinin müxtəlif dövrlərinə səyahət ediblər, çünki böyük ərazidə xeyli çadır salınıb, hər bir iştirakçı milli geyimdə olub. Qonaqlara rəngarəng konsert proqramı, şamanların çıxışı, atçılıq-idman yarışı, kamandan oxatma yarışı, qılınc döyüşləri təqdim olunub. Azərbaycan Qədim Musiqi Alətləri Dövlət Ansamblı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edib. İfaçıların çıxışı gurultulu alqışlarla qarşılanıb. Bundan başqa, burada açılan yarmarkada bütün sənətkarlar şedevrlərini nümayiş etdiriblər. Çadırlarda suvenirlər satılıb, milli mətbəxlər və arxeoloji-antropoloji sərgilər təqdim olunub. Nümayəndə heyətləri bir-birilərinə milli suvenir və hədiyyələr veriblər.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, aralarında Nuranə Axundova, Nuriyə Hüseynova, Şəmistan Əlizamanlı, İlqar İlkin, Samir Turan, Aygün Hüseynli, Şamil Sadıq və başqalarının olduğu, ictimai təşkilat nümayəndələri, mədəniyət və incəsənət xadimləri daxil olublar.