Bakı. Trend:
Fransanın paytaxtı Parisdə görkəmli mütəffəkir, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad edilib, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şerlər toplusu təqdim olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunan xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına rəğmən öz şeiri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın böyük rəğbətini qazandığını deyib. Səfir şairin məşhur “Doğuldum 1939-da, 1937-də tutuldum “ misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını qeyd edib.
Paris Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi Mirvari Fətəliyeva isə Vaqif Səmədoğlunun Azərbaycan poeziyasında özunəməxsus yer tutduğunu, atası, məşhur söz ustası Səməd Vurğunun yaradıcılığından qaynaqlansa da, öz üslubu olduğunu vurğulayıb.
Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər iştirak edib. Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist Jan Pyer Alali Azərbaycan poeziyası, görkəmli xadimləri və Vaqif Səmədoğlunun şerləri haqqında təəssüratlarını tamaşaçılarla bölüşüb.
Daha sonra tarixçi, şair, 25 ildən artıqdır radioda poeziya proqramının müəllifi və aparıcısı olan Paskal Payen-Appenzeller çıxışını dahi Nizaminin misraları ilə başlayaraq hər birimizin öz mədəni sərvətimizin daşıyıcısı olduğumuzu və Vaqif Səmədoğlunun da məhz əcdadlarından miras qalan istedadı olduğunu deyib. Şerlərinin dərin fəlsəfi mənasi ilə bizi inam axtarışına, səyahətə, şəfqət və yaxşılığa çağırdığını söyləyib. Şairin sənətinə heyran olan Payen Appenzeller hətta yaxın vaxtlarda verilişlərindən birini Vaqif Səmədoğluna həsr edəcəyini bildirib.
Şairin həyat yoldaşı, Səməd Vurğun Ev Muzeyinin direktoru Nüşabə Vəkilova şairlə bağlı xatirələrini bölüşüb, onun həyat və yaradıcılıq yolundan, yaşadığı dövrün çətinliklərinə baxmayaraq, daxili azadlıq səsini, demokratik düşüncələrini özünəməxsus üslubda qələmə aldığını və hər zaman sevilə-sevilə oxunduğunu qeyd edib. N.Vəkilova şairin fransızca dərc olunmuş şeirlər toplusunun ərsəyə gəlməsində rolu olan tərcüməçi Aliyə Səmədovaya dərin təşəkkürünü bildirib.
Xatirə gecəsində V.Səmədoğıunun şerlərinə yazılmış mahnılar səsləndirilib, şairə həsr olunmuş film nümayiş etdirilib. Gecə gənc pianoçu Vurğun Vəkilovun ifasında Azərbaycan, həmçinin, Avropa klassik bəstəkarların musiqisindən ibarət konsert proqramı ilə sona çatıb.