...

Kaliforniya paytaxtında Fikrət Əmirov və Niyazinin əsərlərinin konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 7 Noyabr 2017 11:14 (UTC +04:00)
Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində Fikrət Əmirov və Niyazinin əsərlərinin geniş konserti keçirilib.
Kaliforniya paytaxtında Fikrət Əmirov və Niyazinin əsərlərinin konserti keçirilib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində tanınmış Sakramento Gənclər Simfoniyasının dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov, həmçinin görkəmli dirijor və bəstəkar Niyazinin əsərlərinin ifa olunduğu geniş konserti keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, Sakramentonun tarixi Krest Teatrında keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, dünya şöhrətli dirijor Maykl Nyumanın rəhbərlik etdiyi Sakramento Gənclər Simfoniyası ABŞ-ın ən tanınmış simfonik orkestrlərindən hesab olunur.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən və 1000-ədək amerikalının qatıldığı konsertdə Azərbaycan musiqiçisi Mustafa Mehmandarovun dirijorluğu ilə və gənc müğənni Mərziyyə Hüseynovanın ifasında Sakramento Gənclər Simfoniyası Fikrət Əmirov və Niyazinin ən tanınmış əsərlərini səsləndiriblər. Konsert proqramında Fikrət Əmirovun həyat və yaradıcılığını əks etdirən video-çarx da nümayiş etdirilib.

Konsertdən öncə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, bu cür möhtəşəm konsertin Kaliforniyanın paytaxtında keçirilməsinin əlamətdar və tarixi hadisə olduğunu bildirib. O, Azərbaycan haqqında tamaşaçılara məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb. Azərbaycan klassik musiqisi barədə danışan N.Ağayev, Azərbaycanın müsəlman dünyasında ilk opera, operetta və baletin vətəni olduğunu qeyd edib. Sonda baş konsul konsertin ərsəyə gəlməsində göstərdiyi səylərə görə Sakramento Gənclər Simfoniyasının direktoru Maykl Nyumana, Azərbaycan musiqiçilərinə, həmçinin Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarovaya dərin təşəkkürünü bildirib.

Konsert proqramı F.Əmirovun “Azərbaycan Kapriççiosu” ilə təntənəli şəkildə yekunlaşıb. Konsert tamaşaçılar tərəfindən gurultulu və ayaqüstü alqışlarla qarşılanıb.

Konsertdən sonra qonaqlara Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin hazırladığı zəngin Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti