Bakı. Trend:
Fevralın 26-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Gunay” uşaq studiyasının ifasında Zərəngiz Dəmirçi Qayalının “Xocalı” tamaşası nümayiş olunub.
Tədbirdə Baş İdarənin rəis müavinləri Nazim Əliyev, Gülnarə Seyidova, Bakı Uşaq Teatrı teatrının direktoru İntiqam Soltan, Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhöbbətqızı və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildiriblər, bu faciənin Xatın, Lidisa, Naqasaki, Hirosima soyqırımları kimi bəşəriyyət tarixinə düşmüş qanlı bir aksiya olduğunu vurğulayıblar.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tamaşanın məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır.
Sonra “Xocalı” tamaşası nümayiş olunub. Tamaşanın rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblı, ideya müəllifi Aygün Zamanlıdır. Tədbir iştirakçıları balaca “səhnə usta”larının ifalarını alqışlarla qarşılayıblar.