...

Azərbaycan Bolqarıstanda keçirilən MENAR Beynəlxalq Film Festivalında təmsil olunub (FOTO)

Mədəniyyət Materials 20 Yanvar 2023 12:44 (UTC +04:00)
Azərbaycan Bolqarıstanda keçirilən MENAR Beynəlxalq Film Festivalında təmsil olunub (FOTO)

Bakı. Trend:

Cari ilin 19 yanvar tarixində Bolqarıstanda keçirilən 15-ci MENAR Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycanın Zəfər rəmzi olan Xarı bülbül gülünün hekayəsindən bəhs edən “Xarıbülbül əfsanəsi” sənədli filmi, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Olimpiya” bədii filmi nümayiş etdirilmişdir. Filmlərin təqdimatı Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Sofiya şəhərinin “Kino Evi”ndə keçirilmiş Azərbaycan kinosu gecəsində baş tutmuşdur.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynov və MENAR Beynəlxalq Film Festivalının təşkilatçı şirkətinin rəhbəri Zdravko Qriqorov təqdimat mərasimində iştirak edən çox saylı izləyicilərə Azərbaycan mədəniyyəti və kino incəsənəti haqqında məlumat vermişlər.

Beynəlxalq festival çərçivəsində nümayiş etdiriləcək “Xarıbülbül əfsanəsi” sənədli filmi haqqında danışaraq, səfir Hüseyn Hüseynov Xarı bülbül gülünün Azərbaycanın 2020-ci ildə apardığı Vətən Müharibəsində zəfər simvoluna çevrildiyini və bu gülün Azərbaycanın Qarabağ bölgəsi və Şuşa şəhərinə xas olduğunu diqqətə çatdırmışdır. Səfir filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Azərbaycanın Qarabağ bölgəsi və ölkəmizin mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında fikirləri, bu şəhərdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı, eləcə də Azərbaycan ədəbiyyatı və milli musiqi inciləri ilə bağlı düşüncələrinin filmin əsas xəttini təşkil etdiyini vurğulamışdır.

Sonradan “Xarıbülbül əfsanəsi” sənədli filmi və “Olimpiya” bədii filmi tamaşaçıların diqqətinə təqdim olunmuşdur. Tədbirdə Bolqarıstanın dövlət qurumlarının rəsmiləri, BR parlamentinin üzvləri, yerli mədəniyyət xadimləri, ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin nümayəndələri, həmçinin yerli və əcnəbi kinosevərlər iştirak etmişdir.

16-29 yanvar 2023-cü il tarixlərində keçiriləcək 15-ci MENAR Beynəlxalq Film Festivalında 14 ölkənin 40 yaxın filmləri nümayiş etdiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti