...

Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika" kitabının təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 3 Fevral 2023 10:40 (UTC +04:00)
Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika" kitabının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika" kitabının təqdimatı keçirilib.

MEK-in təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elm xadimləri və media nümayəndələri iştirak ediblər.

Öncə akademik Kamal Abdullanın ədəbi-elmi fəaliyyəti və əldə etdiyi nailiyyətlərdən bəhs edən videoçarx nümayiş olunub.

Təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, akademik Kamal Abdulla böyük ənənələri olan Azərbaycan dilçilik elminin ən görkəmli nümayəndələrindəndir və o, apardığı mühüm tədqiqatlarla bu elm sahəsinin inkişafına öz dəyərli töhfələrini verib.

Akademik Kamal Abdullanın özünəməxsus bədii yaradıcılığı ilə seçildiyini qeyd edən AMEA rəhbəri görkəmli yazıçının müstəqillik dövrü Azərbaycan ədəbiyyatında postmodernizm ədəbi cərəyanının yaradıcısı olduğunu deyib. Diqqətə çatdırıb ki, Kamal Abdulla davamlı fəaliyyəti ilə postmodernizmi Azərbaycan ədəbiyyatının ana xətlərindən birinə çevirib və bu gün də əsərləri ilə postmodernizm janrını zənginləşdirir.

Ədibin qorqudşünaslıq istiqamətindəki fəaliyyətinə toxunan akademik İsa Həbibbəyli vurğulayıb ki, ölkəmizdə qorqudşünaslığın böyük ənənələri var və Azərbaycan bu elm sahəsinin dünyada əsas mərkəzlərindən biridir.

Görkəmli türkoloq Fuad Köprülünün sözlərinə istinadən, “Azərbaycan qorqudşünaslığını tərəzinin bir gözünə, Türk dünyası qorqudşünaslığını tərəzinin o biri gözünə qoysaq, Azərbaycan qorqudşünaslığı ağır gələr”, - deyən akademik İsa Həbibbəyli ötən əsrdə bu istiqamətdə böyük alimlərimiz Həmid Araslı və Məmmədhüseyn Təhmasibin önəmli tədqiqatlar apardıqlarını və Azərbaycan cəmiyyətinə təqdim etdiklərini söyləyib. Akademik Kamal Abdullanın isə qorqudşünaslığı öz tədqiqatları ilə yeni mərhələyə qaldırdığını bildirən AMEA rəhbəri vurğulayıb ki, yazıçı tərəfindən ilk dəfə “Kitab-Dədə Qorqudun” diskurs və linqvopoetik təhlili aparılıb.

“Kamal Abdulla Dədə Qorqud poetikasına həsr olunmuş orjinal əsərlərin, dilçiliklə ədəbiyyatşünaslığın qovşağında qorqudşünaslığımızda nadir tədqiqatların müəllifidir. O, Dədə Qorqudun alt qatına, mifoloji qatına enməklə yeni bir istiqaməti müəyyən edib. Kamal Abdulla dünya qorqudşünaslığını özünəməxsus əlavələrlə zənginləşdirib”, - deyə bildirən akademik İsa Həbibbəyli akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü Rafiq Əliyevin “Kitabi-Dədə Qorqud” dastanını qeyri-səlis məntiq nəzəriyyəsi istiqamətindən təhlilə cəlb etmələrini yüksək qiymətləndirib və bunu, qorqudşünaslıqda yeni istiqamətin başlanğıcı adlandırıb.

AMEA rəhbəri çıxışının sonunda Azərbaycan cəmiyyətinə təqdim edilən akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabının müasir qorqudşünaslığımızın əsas nailiyyətlərindən biri olduğunu deyib.

Kitabın müəllifi, akademik Kamal Abdulla nəşr haqqında dəyərli fikirlərini bölüşdüyünə görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə və tədbirin təşkilinə görə MEK-in baş direktoru professor Məmməd Əliyevə təşəkkürünü bildirərək kitabın ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb. Yazıçı-alim qeyd edib ki, sözügedən bu kitabda “Dədə Qorqud” dastanlarındakı semantik sayrışmalar ayrı-ayrı oçerklər şəklində lüğət formasında toplanıb.

“Dastan daxilində və mövzu ilə bağlı dastandan kənarda zaman-zaman diqqətimin yönəldiyi bəzi anlayışlar olub. Onların hər biri sanki sayrışa-sayrışa böyük bir sürətlə qaranlıqdan işığa, işıqdan qaranlığa keçirlər. Bu zaman Dastanla bağlı bilməli olduğumuz bir çox açıq, amma diqqət çəkməmiş mətləbləri özündə birləşdirir. Biz qaranlıqdakı gizli məqamları görüb dəyərləndirmə fürsəti əldə edirik. Bu gizli məqamları sayrışmanın işıq gələn anında tutub izah etmək istəyi belə bir lüğətin ərsəyə gəlməsinə yol açdı”, - deyə yazıçı bildirib və kitabın redaktoru, həmçinin ön sözünün müəllifi professor Ahmet B.Ercilasuna da təşəkkürünü çatdırıb.

Akademik qeyd edib ki, kitabda ikinci hissə kimi təqdim edilən “Mifolinqvistika” bu gün dilçiliyimizə öz yerində sayan mövzuların dəyişdirilməsi, onların yeni istiqamətə yönəlməsi ilə maraqlıdır. Alim inamla bildirib ki, yeni bir sahə kimi mifoloji dilçilik – mifolinqvistika bizim müasir dilçiliyimizin qarşısında yeni-yeni üfüqlər açır və bu istiqamədtdə birgə tədqiqata hər zaman hazır olduğunu da diqqətə çatdırıb.

Tədbirdə çıxış edən akademik Muxtar İmanov, akademik Nizami Cəfərov Kamal Abdullanın Qorqudşünaslıqdakı müstəsna rolundan danışıblar. Bildirilib ki, Dədə Qorqud bir dəryadır və bunun üçün xüsusi təfəkkür lazımdır.

MEK-in baş direktoru, professor Məmməd Əliyev, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov alimin daim sözə önəm verdiyini və təhlil etdiyini, onun zəngin elmi irsinin gənc alimlərin tədqiqat işlərində dəyərli elmi mənbə olacağını vurğulayıblar.

Akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professor Solmaz Tohidi ədibin mövzuya fərqli yanaşdığını və kitabın gələcəkdə mətnşünaslar arasında müzakirə olunacağını vurğulayıblar.

Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın, Gazi Universitetinin müəllimi Fatih Keskin, Bursa Uludağ Üniversitetindən Kərimə Üstünova onlayn şəkildə alimin elmi fəaliyyətini yüksək qiymətləndirərək, onun elmdə açdığı izlə irsindən bəhrələnən gənc türkoloqların yetişəcəklərini əminliklə ifadə ediblər.

Sonda təqdimat iştirakçıları ədibin MEK-in fondlarında mühafizə edilən kitablarından ibarət sərgiyə baxış keçiriblər.

Xəbər lenti

Xəbər lenti