Bakı. Trend:
Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Baxşı Sənəti Festivalı və tədbir çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu keçirilir.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, 26-28 aprel tarixlərini əhatə edən festival Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşır.
Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan
nümayəndə heyəti festival və forumda iştirak edir.
Festivalın açılış mərasimində Özbəkistanın mədəniyyət naziri
Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli,
TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi
Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk
Akademiyasının prezidenti Şahin Mustafayev Türk Dövlətləri
Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er, Qırğızıstan
mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini
Gülbara Abdıkalıkova və digər rəsmilər, eləcə də 40-dan çox ölkədən
200-ə yaxın elm və mədəniyyət xadimi, ifaçılar iştirak edirlər.
Ozodbek Nazarbekov tədbir iştirakçılarını Türk dünyasının qədim mədəniyyət mərkəzlərindən olan Xivə şəhərində salamlamaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, son illər qardaş ölkələrdə təşkil olunan beynəlxalq festivallar, müsabiqələr, konfranslar xalqlarımızın mənəvi birliyinin təmin olunması, ümumi dəyərlərimizin qorunub saxlanılması və mədəni əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verir.
Özbək nazir 2023-cü ilin oktyabr ayında Azərbaycanın Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunun dostluq münasibətlərimizin dərinləşməsində, əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlməsində mühüm rol oynadığını deyib.
IV Beynəlxalq Baxşı (aşıq) Sənəti Festivalı haqqında danışan nazir Özbəkistanda xalq şifahi yaradıcılığının gözəl və nadir nümunəsi olan baxşılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Deyib ki, iki ildən bir keçirilən festival bu ulu sənətin yaşadılması və təbliği baxımından əhəmiyyətli tədbirdir.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək iki qardaş ölkə arasında əlaqələrin digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də bu gün intibah dövrünü yaşadığını bildirib.
Forumun UNESCO, ICESCO-nun himayəsi və türk əməkdaşlıq
təşkilatlarının tərəfdaşlığı ilə keçirilməsinin əhəmiyyətini
vurğulayan nazir deyib: “Bu gün Xivə şəhəri növbəti mötəbər tədbirə
ev sahibliyi etməklə yanaşı, həm də Türk dünyasının ortaq
dəyərlərini qorumaq, mühafizə və beynəlxalq səviyyədə təbliğ etmək
missiyasını öz üzərinə götürmüş beynəlxalq təşkilatlar, dövlət
qurumları, akademik dairələr, mədəniyyət xadimləri, media
nümayəndələrini bir araya gətirib. İnanırıq ki, Forumda aparılacaq
müzakirələr, qəbul olunacaq qərarlar Türk dünyasında mədəni
əməkdaşlığın dərinləşməsi və birliyimizin möhkəmlənməsinə mühüm
töhfə verəcək”.
Qeyd olunub ki, son iki ildə Türk və İslam dünyasının mədəniyyət
paytaxtı missiyasını yerinə yetirmiş Azərbaycanın Şuşa şəhərinin
2023-cü ildə I Türk Dünyası Mədəniyyət Forumuna da uğurla ev
sahibliyi edib.
“İlk Forum Türk dünyasının əməkdaşlıq təşkilatları və iştirakçı dövlətlərin mədəniyyət institutlarını bir araya topladı, müvafiq sahələr üzrə ortaq problemlərin müzakirəsi və həlli üçün platforma yaradıldı. Müxtəlif sahələri təmsil edən mötəbər ziyalılarımız və mütəxəssislərimiz üç vacib mövzu – ortaq mədəni irs, dil və yaradıcı sənayelər ətrafında müzakirələr apardı və mədəniyyətimizin gələcəyi üçün innovativ həllər formalaşdırıldı. Birinci Forumda Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə ilk dəfə Türk Dünyası Mədəni Marşrutu layihəsi təqdim edildi, mədəni irs sahəsi üzrə rəhbər şəxslərin ilk görüşü keçirildi və Türk Animasiya Assosiasiyasının təsis edilməsi təşəbbüsü müzakirə edildi. Sevindirici haldır ki, birgə təşəbbüsümüz dövlət başçılarının da təqdirinə layiq görülüb. Ötən ilin noyabrında Bişkek şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşündə dövlət başçılarımız II Türk Dünyası Mədəniyyət Forumunun 2025-ci ildə keçirilməsinin önəmini vurğulayıblar.
Əminəm ki, Şuşada başladığımız və qala-şəhərimizlə qardaşlaşan Xivədə davam edən dayanıqlı mədəni əməkdaşlıq formatı bizim üçün yeni üfüqlər açacaq”, – deyə Adil Kərimli bildirib.
Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli mədəniyyət siyasətinin qayəsində türk dövlətləri, təşkilatları və xalqları ilə əməkdaşlığın dərinləşdirilməsi, ortaq dəyərlərimizin birgə təbliği dayanır: “Möhtərəm Prezidentimiz İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” sözləri Azərbaycanın bütün dövlət qurumları, o cümlədən Mədəniyyət Nazirliyi üçün rəhbər şüara çevrilib. Bununla yanaşı, ötən ilin iyul ayında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşü zamanı cənab Prezident İlham Əliyevin “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” ifadəsi bizim fəaliyyətimizdə əsas məqsəd və əsas amaldır”.
Bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə qardaş ölkələr tərəfindən verilən töhfə ortaq tarixi-mədəni irsimizə ehtiramın bariz nümunəsidir. Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin inşası, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması, eləcə də Ağdam rayonunun Xıdırlı kəndində Qırğız Respublikasının təşəbbüsü ilə inşası davam edən orta məktəb əsl qardaşlıq və həmrəyliyin təzahürüdür. Bu cür layihələr təkcə infrastruktura deyil, həm də Türk dünyasının ortaq yaddaşının yenidən qurulmasına xidmət edir.
Nazir çıxışının sonunda festivalın və forumun işinə uğurlar arzulayıb.
Digər çıxış edənlər də hər iki tədbirin Türk dünyasının birliyi və əməkdaşlığı üçün vacibliyini vurğulayıb, bu cür mədəniyyət layihələrinin davamlı təşkilinin önəmini diqqətə çatdırıblar.
Qeyd edək ki, IV Beynəlxalq Baxşı Sənəti Festivalı çərçivəsində “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans da keçiriləcək.