Bakı. Taleh Mursaqulov - Trend:
Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sahəsində keçirilən islahatlar xarici ticarət prosesinin sadələşdirilməsinə xidmət edir.
Trend-in məlumatına görə, bunu “Xarici ticarət iştirakçıları forumu: “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi” adlı tədbirdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, "Yaşıl Dəhliz"lər barədə qərar qəbul etməklə Prezident İlham Əliyev sahibkarlara böyük hədiyyə edib:
“Bu, beynəlxalq təcrübəyə, Beynəlxalq Gömrük Komitəsinin tövsiyəsinə əsaslanan islahatdır və ticarət üçün yeni imkanlar yaradır”.
Komitə sədri qeyd edib ki, iqtisadiyyatın inkişafı ilə ölkədə idxal-ixrac əməliyyatları artır:
“Gələn il fevralın 1-dən ofisdən çıxmadan idxal-ixrac əməliyyatlarını həyata keçirməyə imkan verən sistem tətbiq olunacaq. Bu sistem vətəndaşların məmurlarla ünsiyyətini də azaldacaq və bu sahədə şəffaflığı təmin edəcək”.