...

DİM: 40 yaşdan yuxarı namizədlərdən yalnız 3-ü imtahanı uğurla verib

Gündəm Materials 27 Dekabr 2018 14:52 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 23-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan dövlət qulluğuna qəbul imtahanında iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 3 nəfər imtahanı uğurla verib.
DİM: 40 yaşdan yuxarı namizədlərdən yalnız 3-ü imtahanı uğurla verib

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 23-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan dövlət qulluğuna qəbul imtahanında iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 3 nəfər imtahanı uğurla verib.

DİM-dən Trend-ə verilən məlumata görə, BA və BB qruplarına uyğun olan vəzifələr üzrə olan imtahanda iştirak üçün qeydiyyatdan keçən namizədlərin 1028 nəfəri kişi, 820 nəfəri isə qadın olub.

Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 941 nəfər (qeydiyyatdan keçənlərin 91.5%-i), qadınlar üzrə isə 764 nəfər (qeydiyyatdan keçənlərin 93.2%-i) 20-34 yaş intervalında olanlardır.

Ən yuxarı yaş qrupları (50-64 yaş intervalı) üzrə 14 nəfər (12 kişi, 2 qadın) qeydiyyatdan keçsə də, imtahanda uğur qazana bilməyiblər.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 275 nəfər (uğur əldə edənlərin təqribən 58%-i, 112 kişi və 163 qadın) 20‑24 yaş intervalında olan namizədlərdir. 25-29 yaş intervalında isə 144 nəfər (68 kişi və 76 qadın) lazım olan balı toplaya bilib.

İmtahanda uğur qazanan namizədlərin 467 nəfəri, yəni təqribən 98%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 8 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1848 namizəddən 475 nəfəri (25.7%) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1028 kişidən 208 nəfər (20.2%), 820 qadından isə 267 nəfər (32.6%) uğur əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti