...

DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib (VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 18 Oktyabr 2019 17:24 (UTC +04:00)
Daxili İşlər Nazirliyi qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib.
DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib (VİDEO) (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Videomüraciətdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlarla bağlı bildirib ki, Bakı Metropoliteninin mühafizə zonasına daxil olan ərazilərdə heç bir toplantının keçirilməsinə icazə verilmir:

Onun sözlərinə görə, bu, qanunla qadağandır. Yenə də həmin ərazilərdə qanunsuz aksiyanın keçirilməsi üçün insanlara müraciət edirlər. Polis digər hüquq-mühafizə orqanları ilə birgə çox qətiyyətli tədbir görəcək. Həmişə olduğu kimi, şəhərin ərazisində heç bir qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyəcək:

“Bir daha xəbərdarlıq edirik ki, belə olan halda bu məsuliyyət həmin təşkilatçıların üzərində qalacaq və qanunun icazə verdiyi ən sərt tədbirlər o insanlara qarşı görüləcək. Mitinq təşkilatçılarının çağırışlarına inananlara, gənclərə müraciət etmək istəyirəm ki, aldanmasınlar. Metronun 28 May stansiyasının qarşısındakı meydan aksiya keçirmək üçün münasib bir yer deyil. İsrarla əgər metronun 28 May stansiyasının qarşısındakı meydanda, qadağan olunmuş yerdə qanunsuz aksiyanı keçirmək istəyirlərsə, deməli, onların məqsədi mitinq keçirmək deyil, təxribat törətmək, şəhərdə ictimai asayişi pozmaq, qarşıdurma yaratmaqdır. Əgər belə olmasaydı, onlar müəyyən olunmuş yeri qəbul edərdilər”.

Trend bununla bağlı videonu təqdim edir:

Qeyd edək ki, son günlər sosial şəbəkələr üzərindən özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər, habelə əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış sosial şəbəkə istifadəçiləri tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti