...

Məlahət İbrahimqızı: Bu mübarizədə təkcə dövlətin gücü yetərli deyil, vətəndaşların dəstəyi olmasa, daha çox itki verə bilərik

Gündəm Materials 6 Aprel 2020 11:02 (UTC +04:00)
Bu mübarizədə təkcə dövlətin gücü yetərli deyil, vətəndaşların dəstəyi olmasa, daha çox itki verəcəyik
Məlahət İbrahimqızı: Bu mübarizədə təkcə dövlətin gücü yetərli deyil, vətəndaşların dəstəyi olmasa, daha çox itki verə bilərik

Bakı. Elçin Mehdiyev - Trend:

Hər bir Azərbaycan vətəndaşı koronavirusun nə qədər təhlükəli bir bəla olduğunu nəzərə alaraq özlərini və yaxınlarını qorumalı, xüsusi karantin rejiminin qaydalarına əməl etməlidir. Bu mübarizədə təkcə dövlətin gücü yetərli deyil, vətəndaşların dəstəyi olmasa, daha çox itki verə bilərik

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bəşəriyyət bu virusun öhdəsindən gəlməkdə acizdir: “Bu gün bəşəriyyət koronavirus təhlükəsi ilə üz-üzə dayanıb. Çox ciddi mübarizə gedir. Təəssüf ki, virus sürətlə yayılmaqda və can almaqda davam edir. Qısa müddət ərzində dünyada çox ciddi itkilər yaşanıb”.

Sədr müavini qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bilməlidir: “Alimlər hələ də virusun epidemiologiyasını düzgün tədqiq edə bilmirlər. Konkret fikir yoxdur, müalicəsi ilə bağlı da dəqiq heç nə söylənilmir. Bu pandemiya dünyada varlı, kasıb, cavan, qoca sağlam adam tanımır. Ona görə də bütün dünya ölkələri özünə qapanıb”.

M.İbrahimqızı vurğulayıb ki, bu bu acıları görə-görə dövlətimizin gördüyü işlərə dəstək verməmiş olsaq, bu, özümüzün, ailə üzvlərimizin, yaxınlarımızın itkisinə səbəb ola bilər:

"Dövlətimiz üzərinə düşən hər bir şeyi edir. Ölüm hallarının minimum səviyyədə olmasına çalışır. Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün insanlara məlumatlar verir. Üzücüdür ki, cəmiyyətimiz milli birlik göstərdiyi halda dövlət başçımızın “Evdə qal” çağırışına hələ də bəzi şəxslər riayət etmirlər. Ölkəmizdə ciddi karantin rejimi tətbiq edilsə də, bunu pozanlara rast gəlinir”.

Deputat üzünü taleyini, həyatını düşünmədən cəmiyyət üçün təhlükə yaradan insanlara tutaraq deyib: "Siz ailəniz, övladlarınız və valideynləriniz üçün təhlükə yaradırsınız. Bu xəstəliyin pis tərəfi odur ki, pik həddə çatmayınca bitmir. Bu gün ölkəmizdə koronavirusa yoluxma halları durmadan çoxalır. Biz bu itkinin, təhlükənin baş verməməsi üçün evdə qalmalıyıq. Lazım olmadığı halda evdən çıxmayaq. Evdə qalaq ki, həyatda qalaq! Evdə qalaq ki, salamat qalaq. Evdə qalaq ki, Azərbaycanımız var olsun! Evdə qalaq ki, xalqımız, millətimiz yaşasın!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti