...

Ötən il Bakı metropoliteni koronavirusa görə üçqat ziyanla işləyib

Gündəm Materials 6 Yanvar 2021 10:49 (UTC +04:00)
Ötən il Bakı metropoliteni koronavirusa görə üçqat ziyanla işləyib

Bakı. Samir Əli - Trend:

2020-ci ildə yeni növ koronavirus (“COVID-19”) pandemiyasının ən böyük zərbə vurduğu sahələr arasında Bakı metropoliteni də var.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən bildiriblər. Məlumatda qeyd edilir ki, paytaxtın yeraltı nəqliyyatı tarixində ilk dəfə sərnişinsiz, qatarsız günlər yaşadı: "Metropoliten yola saldığımız ildə plan üzrə 228 milyon sərnişinə xidmət göstərməli idi. Amma insanlarımızın sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74 milyon 709 min 237 sərnişin daşınıb.

Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti il ərzində bir neçə dəfə dayandırılıb. Ümumiyyətlə, ilk dəfə, metropoliten mart ayının son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib. Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib.

Beləliklə, 2020-ci il ərzində metropoliten 202 gün, ümumiyyətlə, sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti