...

Rusiyadakı diasporumuz əlilliyi olan şəxslər üçün ölkəmizə 566 ədəd təkərli oturacaq göndərib (FOTO)

Gündəm Materials 16 Mart 2021 16:47 (UTC +04:00)
Rusiyadakı diasporumuz əlilliyi olan şəxslər üçün ölkəmizə 566 ədəd təkərli oturacaq göndərib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rusiyanın Primorye diyarındakı Azərbaycan diasporu əlilliyi olan şəxslər üçün ölkəmizə 566 ədəd təkərli oturacaq göndərib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, təkərli oturacaqlardan bir qismi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzindəki əlilliyi olan şəxslərə təqdim edilib.

Tədbirdə Agentliyin sədr müavini Faiq Ağayev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov və başqaları iştirak ediblər.

Qeyd edilib ki, əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması, onların reabilitasiyası Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq genişləndirilir, həmçinin əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sahəsində də mühüm işlər aparılır.

Təkcə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə 1000-i təkərli oturacaq olmaqla 35 minə yaxın reabilitasiya vasitəsi verilib. İl ərzində ölkəmizin müxtəlif bölgələri üzrə 1252 əlilliyi olan şəxsə, o cümlədən Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 262 şəxsə ehtiyac duyduqları 7151 reabilitasiya vasitəsi yaşadıqları regionlara, bir qisminə evlərinə aparılaraq verilib. Post müharibə dövründə də 15 hərbçi yüksək texnologiyalı müasir protezlə, əlavə olaraq 210 müharibə əlili 1220 reabilitasiya vasitəsi ilə təmin edilib, müharibədə yaralanmış qazilərin mühərrikli təkərli oturacaqla təminatına da başlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rusiyanın Primorye diyarındakı Azərbaycan diasporu tərəfindən əlilliyi olan şəxslər üçün 566 ədəd təkərli oturacağın ölkəmizə göndərilməsi də sosial məsuliyyətə əsaslanan addımdır. Bu nəcib tədbir ölkəmizdə əlilliyi olan şəxslərin təkərli oturacaqla təminatına töhfə vermək məqsədi daşıyır. Reabilitasiya vasitələri Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə iş müstəvisində əlilliyi olan şəxslərə təqdim edilir.

Tədbirdə əlilliyi olan şəxslər göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və diasporuna təşəkkürlərini ifadə ediblər.

Tədbir iştirakçıları Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində yaradılan şəraitlə də tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti