...

Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)

Gündəm Materials 22 Oktyabr 2021 20:44 (UTC +04:00)
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)

Bakı. Trend:

Bu gün İstanbulda keçirilən Türk Şurasının Media forumunda panel çıxışları zamanı Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”unun təşəbbüsü ilə reallaşan və türkdilli ölkələrin xəbərlərini yayımlayan "Türk Dünyası" (www.turkic.world) layihəsi müzakirə olunub.

Trend-in məlumatına görə, paneldə çıxış edən “Albayrak Media Group” təmsilçisi Samir Babaoğlu qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada örnək ola biləcək dostluq və qardaşlıq mühitində xalqlarımızın mənafeyi naminə irəliyə apardıqları dövlətlərarası münasibətlər bu gün sözün əsl mənasında özünün ən parlaq dövrünü yaşayır: “Əminliklə söyləyə bilərik ki, Azərbaycan-Türkiyə qardaşlığının özəyini təşkil etdiyi böyük türk birliyi yeni mərhələyə qədəm qoymaqdadır. 44 günlük müharibə dövründə Türkiyə Respublikasının Azərbaycanın yanında olması, Azərbaycana siyasi və mənəvi dəstəyi media sahəsində əvəzsiz oldu. Bu təcrübə dövlətlərimizin təsir və təzyiqlərə birgə koordinasiyalı cavab verməsinin, bir sözlə, media sahəsində əlaqələrimizi inkişaf etdirməyin vacibliyini vurğuladı. Azərbaycan və Türkiyə media vasitəsilə öz haqq səsini bütün dünyaya çatdırdı”.

S.Babaoğlu, həmçinin bildirib ki, “Albayrak Media Group” olaraq Azərbaycanın beynəlxalq informasiya agentliyi “TREND” ilə birgə Türk dünyasında birlik, həmrəylik və əməkdaşlıq ideyasını rəhbər tutaraq, ölkə başçılarımızın səyləri nəticəsində möhkəmlənən əlaqələrimizi media sahəsində uğurla davam etdirmək məqsədilə “Türk dünyası” (Turkic.World) media platformasını təsis ediblər: “Sevinclə bildiririk ki, türkdilli dövlətlərin ilk ortaq media platforması olan "TurkicWorld" gözləntilərimizi doğrultdu. "Türk dünyası" hazırda xəbərlərini rus və ingilis dillərində də yayımlayır. Bu il mayın 24-də başladığımız media layihəsinə qısa müddət ərzində Qırğızıstan və Türkmənistan qoşulub. Yaxın zamanda Özbəkistan və Qazaxıstanın da bu layihədə iştirakını gözləyirik. Fürsətdən istifadə edərək, həm Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinə, həm də Türkmənistan Xarici İşlər Nazirliyinə bu layihəyə qoşulduqları üçün təşəkkür edirik”.

Qeyd edək ki, bu il mayın 24-də Bakıda "Türk Dünyası" (www.turkic.world) ilk rəqəmsal layihəsinin təqdimatı keçirilib. Layihənin təqdimat mərasimində media strukturlarının rəhbərləri, türkdilli dövlətlərin diplomatları, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Unikal proqram təminatı layihəni təkmilləşdirməyə və digər türkdilli dövlətləri yaradılan rəqəmsal platformaya qoşmağa imkan verir. Rəqəmsal platformanın mobil versiyası da hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti