Bakı. Fərid Zöhrabov - Trend:
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinin sosial şəbəkələrdə yazdığına görə, "unibook" elektron tədris idarəetmə sistemində baş vermiş texniki xətaya görə "qayıb"ların hesablanmasında səhvə yol verilib.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən ali məktəbin Mətbuat Xidmətinin rəhbəri Bəhruz Nəzərov qeyd edib ki, bu gün problem tamamilə aradan qaldırılacaq.
O bildirib ki, dərslərin pandemiyaya görə sentyabrın 15-i deyil, sentyabrın 29-da başlaması universitetin "unibook" sistemində müəyyən texniki problemlər yaradıb:
"Belə ki, proqram dərs saatlarını 15 sentyabrdan hesablayıb. Buna görə də sistem bəzi tələbələrin "qayıb" limitini keçmiş kimi göstərib. Bu gün problem tamamilə aradan qaldırılacaq. Tələbələrin narahatlığına heç bir əsas yoxdur", - deyə B.Nəzərov bildirib.