Bakı. Trend:
Medianın İnkişafı Agentliyinin (MEDİA) Beynəlxalq əlaqələr və
strateji planlaşdırma işçi qrupunun rəhbəri Rasim Bağırov ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Polşada
keçirilən ənənəvi konfransında iştirak edir.
Agentlikdən Trend-ə verilən məlumata görə, konfransda çıxış edən
Rasim Bağırov bildirib ki, informasiya texnologiyaları və qlobal
kommunikasiyanın davamlı inkişaf etdiyi bir dövrdə medianın rolu və
təsiri daha da artır. Bu baxımdan media subyektləri və
jurnalistlərin iş şəraitinin yaxşılaşdırılması xüsusi əhəmiyyət
kəsb edir və qeyd olunan istiqamətdə həm milli qanunvericilik, həm
də beynəlxalq müqavilələrin tələbləri nəzərə alınmaqla çoxşaxəli
tədbirlər görülür.
Bununla yanaşı, konfrans iştirakçılarına Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin fəaliyyəti haqqında məlumat
verilmiş, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu
çərçivəsində jurnalistlərin hüquqlarının daha effektiv qorunduğu,
eləcə də onların peşəkar fəaliyyətinə müdaxilənin yolverilməzliyi
qeyd olunmuşdur.
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac
Abışovun Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan
Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən
şəhid olduğu, mina xəritələri təqdim edilmədikcə bu hadisələrin
sayının arta biləcəyi vurğulanmışdır.
Sonda regionun gələcəyi naminə ərazi bütövlüyünə və sülhsevər
niyyətlərə qarşılıqlı hörmət nümayiş etdirməyin vacibliyi, sülhün
alternativinin olmadığı qeyd edilmişdir.