Bakı. Trend:
Smartfonunuzu itirmisiz və ya oğurlanıbsa, onu asanlıqla tapmaq üçün proqramlardan istifadə edə bilərsiniz.
Trend-in məlumatına görə, bu, “İOS” əməliyyat sistemli smartfonda "iPhone-umu tap" proqramı ilə mümkündür.
1. İlk öncə “iCloud ID” məlumatlarınızı sistemə daxil edin.
2. Növbəti ekranda “görünən cihazlardan” sizə aid olanı seçin.
3. İndi “Fəaliyyətlər menyusunu” açın.
4. Daha sonra “Fəaliyyətlər menyusunda” siz cihazınızın artan səslə zəng çalmasını təmin edə, telefonunuzun xəritədə harada olduğuna baxa, cihazınızdakı bütün məlumatları silə və ya telefon ekranında başqa nömrənin görünməsini təmin edə bilərsiniz.
Bu üsuldan istifadə etmək üçün, “Ayarlar menyusu” vasitəsilə iPhone-da “Mənim iPhone-umu tap” funksiyasını aktivləşdirə bilərsiniz. Eyni zamanda şifrənizi unutmamaq üçün diqqətli olmalısınız, çünki iPhone-unuzu tapmaq üçün “iCloud” şifrəsinə ehtiyacınız olacaq. Cihazınızı asanlıqla tapmaq üçün məkan xidmətləri də aktiv olmalıdır. Cihazınız söndürülübsə və məkan xidmətləri görünmürsə, cihaz işə salındıqdan sonra əmriniz yerinə yetiriləcək.
“Android” əməliyyat sistemli smartfonları necə tapmaq olar?
1. İlk öncə “Google cihazımı tap” veb saytını açın.
2. Növbəti ekranda “Google hesab məlumatlarınızla” sayta daxil olun.
3. İndi sol ekranda cihazınızı seçin.
4. Daha sonra siz asanlıqla xəritədə cihazınızın harada olduğunu tapa bilərsiniz və mümkün oğurluq halında cihazınızdakı bütün məlumatları silə bilərsiniz. Həmçinin kilid ekranınızda görünəcək mesaj və ya telefon nömrəsini daxil edə bilərsiniz.
“Android” əməliyyat sistemi ilə smartfonunuzun markasından asılı olmayaraq, bu addımları yerinə yetirərək onu asanlıqla tapa bilərsiniz. Smartfonunuzu tapmaq üçün Google hesabınız açıq olmalıdır. “Google Cihazımı Tap” tətbiqindən istifadə etmək üçün məkan xidmətləriniz aktiv olmalıdır.