...

Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb

Gündəm Materials 16 Fevral 2023 14:45 (UTC +04:00)

Bakı. Trend:

Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının satışının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Sumqayıt, Siyəzən və Xudat şəhərlərində qanunsuz ovlanmış balıqların satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanun pozucularının Siyəzən rayon sakinləri Əbülfəz Mirzəyev, Vüqar Əsgərov, Şabran şəhər sakini Həkim Məsimov, Xudat şəhər sakini Ramil Ağamalıyev, Sumqayıt şəhər sakinləri Yaqub Dadaşov, Elvin Həsənov, Kamal Ədilov və Rasim Məhərrəmov olduğu müəyyən edilib.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisində qanunsuz balıq ovunun və satışının qarşısını almaq məqsədilə keçirilən nəzarət tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti