Bakı. Trend:
İran hakimiyyətinin aparıcı Qərb dövlətləri tərəfindən qəbul edilmədiyi halda Fransa, Ermənistan və İran münasibətlərinin daha da istiləşməsi böyük təəccüb doğurur. Münxen Təhlükəsizlik Şurasına İran rəhbərliyinin deyil, müxalifətin dəvət edilməsi, Münxendə İran rejiminə qarşı etiraz aksiyalarının keçirilməsi molla rejiminin layiq olduğu yeri göstərir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli söyləyib.
Onun sözlərinə görə, maraqlıdır ki, belə bir reallıq fonunda Fransa Prezidenti Makron İrana və Ermənistana qucaq açır, “bacılar”ın yaxınlaşması daha üst səviyyəyə qalxır və hər üçü ortaq siyasi maraqlardan çıxış edirlər. Makronun sonadək Ermənistanın yanında olacağı barədə verdiyi açıqlama işğalçılığa, separatçılıq və terrorizmə verilən açıq dəstəkdir. Fransa Prezidenti Azərbaycan səfirliyində terror aktı törədən İranın molla rejimi ilə də eyni mövqedədir. Əlbəttə ki, bütün bu məqamlar siyasi riyakarlıqdır.
“Sirr deyil ki, böyük “bacı” Fransanın məqsədi Azərbaycanın dövlətçilik maraqlarına zərbə vurmaqdır. Fransa keçmiş Minsk qrupunda təmsil olunarkən da Ermənistanın işğalçılıq siyasətinə göz yumub. Ölkəmiz ərazi bütövlüyünü öz gücü ilə bərpa etdikdən sonra bölgədə yaranan yeni reallıqlar rəsmi Parisin yuxusunu ərşə çəkib. Makron Azərbaycan dövlətinin gücünü, dünyada sürətlə artan nüfuzunu heç cür qəbul edə bilmir. Elə İranın molla rejimi də ən alçaq üsul və metodlarla Azərbaycanın güclənməsinin qarşısını almağa çalışır. Yəni, Fransa, İran və Ermənistanı birləşdirən əsas amil Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik hissidir”, - deyə S.Kərimli qeyd edib.
Konkret olaraq Fransanın mövqeyinə münasibət bildirən siyasi şərhçi deyib ki, hazırda Makron hakimiyyətinin dünyadakı nüfuzu olduqca aşağı səviyyədədir. Fransa lideri artıq əksər beynəlxalq dairələr tərəfindən ciddi qəbul edilmir. İranın molla rejiminin isə mahiyyəti həmişə göz önündə olub. Terrorçuluğa dəstək, öz vətəndaşlarına qəddarcasına divan tutmaq, insan hüquq və azadlıqlarını kobudcasına pozmaq və digər qeyri insani hərəkətlər rəsmi Tehranın əsas prioriteti olub. Buna görə də artıq İran hakimiyyətinin legitimliyi ciddi sual altındadır. İranda hakimiyyətin tezliklə dəyişəcəyi, indiki İran adlanan ərazidə tamamilə yeni düzən yaranacağı və hətta bölgədə yeni dövlətlərin meydana gələcəyi artıq görünməkdədir. Ermənistana gəldikdə isə, bu ölkə işğalçılıq, başqa dövlətlərin himayəsi altında yaramaz siyasət yürüdən ölkə imicini artıq otuz ildən çoxdur ki, qoruyub saxlayır.
“Hər üç ölkənin mahiyyəti faktiki olaraq eynidir. Bir-birilərini yaxşı tapıblar. Görünən odur ki, Fransa, İran və Ermənistanın yürütdüyü riyakar siyasi kurs iflasa məhkumdur”, - deyən Sahil Kərimli fikirlərini yekunlaşdırıb.