Bakı. Trend:
Cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətli mövqeyi prokurorluq orqanlarının bu sahədə məsuliyyətini də daha da artırır. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə yeni inkişaf mərhələsinin doğurduğu zərurətdən irəli gələn növbəti konseptual sənədin - “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edilməsi bu sahədə ölkə başçısının siyasi iradəsinin və qətiyyətli mövqeyinin növbəti əyani təsdiqi olub.
Bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, cinayətkarlığa qarşı mübarizədə əsrimizin sosial bəlası hesab edilən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılması məqsədilə ixtisaslaşmış cinayət təqibi orqanının – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması və həmin orqana korrupsiya hüquqpozmaları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin də həyata keçirilməsi ilə əlaqədar əlavə səlahiyyətlərin verilməsi prokurorluğa ölkə başçısının inam və etimadı, qurumun cəmiyyətdəki roluna verilən əhəmiyyətin təzahürü kimi xüsusi vurğulanmalıdır.
"Məlum olduğu kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “161 Qaynar xətt” əlaqə mərkəzi 24 saat ərzində fasiləsiz fəaliyyət göstərir. Daxil olmuş məlumatlar əsasında, əməliyyat-axtarış tədbirləri həyata keçirilir və korrupsiya hüquqpozmalarına yol vermiş şəxslərin cinayət başında yaxalanması təmin edilir.
Qeyd edim ki, ötən bir il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 350 şəxs barəsində 236 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmiş, həmçinin 38 əməliyyat tədbiri ilə 47 şəxs cinayət başında yaxalanmış, 24 nəfər axtarışda olan şəxs saxlanılmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 163 cinayət işi başlanıb.
Bu müddətdə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən 78-i üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilmiş, nəticədə 65 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilmişdir", - deyə K.Əliyev bildirib.