Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Manafoba kəndində səyyar qəbul keçirib.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri şəhid Kazım Gəncəliyevin büstünü ziyarət edib.
Qəbulda Çinartala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Manafoba, Palçıqoba, Ağaşirinoba və Qıraqlı kənd sakinlərinin müraciəti dinlənilib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məslələrin həlli bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatın yaxşılaşdırılması və yeni məktəb binasının inşası ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.