Bakı. Trend:
Media pleyer “VLC” dünya üzrə 6 milyard yükləməni keçərək böyük bir mərhələyə çatıb.
Trend xəbər verir ki, “CES 2025” tədbirində iştirak edən “VideoLAN” komandası elan edib ki, bu pulsuz proqram tezliklə öz istifadəçilərinə süni intellekt inteqrasiyası sayəsində daha da təkmil təcrübə təqdim edəcək.
Yeni funksiya ilə “VLC” media pleyer real vaxt rejimində videoları təhlil edə, avtomatik subtitrlər yarada və bu subtitrləri müxtəlif dillərə tərcümə edə biləcək. Üstəlik, bütün bu proses cihazda yerli olaraq işləyən açıq mənbəli süni intellekt modelləri vasitəsilə həyata keçiriləcək.
Tərtibatçılar qrupu bildirir ki, süni intellekt tərəfindən dəstəklənən altyazı sisteminin işləməsi üçün heç bir internet bağlantısı və ya bulud xidmətləri tələb olunmayacaq.
Qeyd edək ki, “VideoLAN” bu funksiyanın nə vaxt əlçatan olacağı ilə bağlı tarix açıqlamayıb.