RED. əlavəsi: "Azərbaycan Hava Yolları" QSC-nin rəsmi mövqeyi əlavə olunub
Azərbaycan, Bakı, 12 avqust /Trend/
Cümə axşamı İstanbulun "Atatürk" Hava Limanında Bakı-İstanbul marşrutu üzrə J2075 reysi ilə uçan təyyarə uçuş zolağından çıxıb. Bu barədə türk KİV yazır. Təyyarə Bakıdan saat 10:06-da (yerli vaxtla) çıxıb və saat 10:45-də (yerli vaxtla) eniş edib.
"Azərbaycan Hava Yolları" Milli Aviaşirkətindən deyildiyi kimi, hazırda hadisənin səbəbləri araşdırılır. İlkin məlumatlara görə, "Airbus-319" təyyarəsi uçuş zolağından çıxıb.
İnsident nəticəsində göyərtədəki 120-yə yaxın sərnişindən və ekipaj üzvlərindən xəsarət alan olmayıb.
AZAL-ın "Atatürk" aeroportundakı nümayəndəsinin dediyi kimi, təyyarə yerə enərkən uçuş-enmə zolağından kənara çıxıb.
"Sərnişinlər təyyarəni tərk ediblər. Hazırda heç bir problem yoxdur. Təyyarənin Bakıya uçmasında 4-5 saatlıq gecikmə gözlənilir", - AZAL-ın "Atatürk" aeroportundakı nümayəndəsi bildirib.
Bu reysin sərnişinlərinin sözlərinə görə, insident zamanı hava gəmisinin ekipajı və stüardessalar özlərini peşəkar və fədakarcasına aparıblar.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin sözlərinə görə, hadisənin səbəbləri hələlik məlum deyil. "Onların aydınlaşdırılması üçün araşdırma aparmaq lazımdır", - Səfərli bildirib.
Onun sözlərinə görə, şassidə nasazlıq təyyarə yerə enərkən, pilotun uçuş-enmə zolağının sonuna çatan hava gəmisini döndərməyə cəhd edən zaman baş verib.
"Sərnişinlərlə bağlı hər şey normaldır. Onların hamısı sağ və salamatdır", - Səfərli deyib.
Bakı-İstanbul marşrutu üzrə eniş zamanı zərər çəkmiş təyyarənin dönüş reysinin sərnişinləri onların ardınca İstanbula xüsusi olaraq göndərilmiş təyyarəni gözləyirlər. Bu barədə cümə axşamı Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov deyib.
"Azərbaycan Hava Yolları"QSC-nin cümə axşamı yayılan rəsmi məlumatda deyildiyinə görə, ilkin versiyaya görə, bu gün baş verən insidentin səbəbi hava gəmisi enmə-qalxma zolağına endikdən sonra, kapitan sürəti idarə edə bilməyib, nəticədə, ön şassinin ön dirəyi əyilib və bunun da nəticəsində mühərrikin üst səthi zədələnib. Baş vermiş hadisənin səbəbinin araşdırılması üçün "Azərbaycan Hava Yolları" QSC və Türkiyənin Mülki Aviasiyası tərəfindən komissiya yaradılıb. İnsidentin səbəbinin araşdırılması artıq başlayıb.