Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir S.Ağayeva/
Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitləri yaxın günlərdə Bakıya gətiriləcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib.
Onun sözlərinə görə, hazırda 8 ekipaj üzvünün meyiti tapılıb və həlak olan sonuncu şəxsin meyitinin axtarışı davam edir.
"Həlak olanların meyitlərini eyniləşdirmək mümkündür və yaxın vaxtlarda cəsədlərin tanınması məqsədilə genetik ekspertiza aparılacaq", - səfir deyib. Onun sözlərinə görə, ekspertizanın harada aparılacağı hələlik məlum deyil.
Diplomat deyib ki, Azərbaycan tərəfi həlak olanların qohumlarının təyyarənin qəzaya uğradığı yerə göndərilməsini təhlükəli hesab edir.
Azərbaycanın SilkWay aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi iyulun 5-dən 6-na keçən gecə Əfqanıstanın Pərvan əyalətində qəzaya uğrayıb.
Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin bortunda 9 ekipaj üzvü və Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.
Çərşənbə günü ISAF-ın rəsmi nümayəndəsi mayor Tim Ceyms Trend-ə bildirib ki, təyyarə beynəlxalq koalisiya qüvvələri (ISAF) ilə müqavilə üzrə işləyib.
Təyyarənin qəzaya uğradığı Əfqanıstanın Pərvan əyalətinin Siyah Gərd şəhərinin başçısı Əbdülhəlim Mücəddədinin Trend-ə bildirdiyinə görə, təyyarə Aksan kəndi yaxınlığında dağa çırpılıb. Bundan sonra regionda görünən yanğın baş verib. Yanan avialaynerdən alovun püskürməsini yerli sakinlər də görüb.
O, "Taliban"ın təyyarənin onlar tərəfindən vurulması ilə bağlı verdiyi bəyanatı təkzib edib.
"Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı olub, - Şikarov bildirib. - Digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar".
"Bütün ekipaj üzvləri həlak olub", - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.
Diplomatın sözlərinə görə, təyyarədə texniki qüsurla bağlı versiya həqiqətəuyğun deyil. "Texniki baxımdan təyyarə bütün zəruri tələblərə cavab verib və təyyarəni təcrübəli ekipaj idarə edib", - o qeyd edib.
Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.
Xüsusi komissiyanın nümayəndələri Azərbaycanın "Silk Way" aviaşirkətinin təyyarəsinin qəzaya uğrama səbəblərini araşdırmaq üçün Əfqanıstandadırlar və hadisənin baş verdiyi yerə getməyə hazırlaşırlar. Bu barədə cümə axşamı Trend-ə hadisənin araşdırılması üzrə komissiyanın üzvü, "Silk Way" aviaşirkəti direktorunun müşaviri Adil Qasımov deyib.
Onun sözlərinə görə, komissiyanın işinə Əfqanıstanda Beynəlxalq Koalisiya Qüvvələri (ISAF) və Əfqanıstanın Dövlət Administrasiyası dəstək verir.
Komissiyanın tərkibinə Azərbaycan Mülki Aviasiya Administrasiyasının nümayəndələri və "Silk Way"in mütəxəssisləri daxildir.