...

Türkiyədəki liviyalılar öz ölkələrinin Ankaradakı səfirliyini ələ keçiriblər

Hadisə Materials 14 Noyabr 2011 15:58 (UTC +04:00)
Türkiyədə yaşayan Liviya vətəndaşlarından ibarət bir qrup Liviyada baş verən hadisələrə etiraz əlaməti olaraq öz ölkələrinin Ankaradakı səfirliyinə soxularaq diplomatik nümayəndəliyi ələ keçiriblər.
Türkiyədəki liviyalılar öz ölkələrinin Ankaradakı səfirliyini ələ keçiriblər

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə yaşayan Liviya vətəndaşlarından ibarət bir qrup Liviyada baş verən hadisələrə etiraz əlaməti olaraq öz ölkələrinin Ankaradakı səfirliyinə soxularaq diplomatik nümayəndəliyi ələ keçiriblər. Bu barədə bazar ertəsi Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

Səfirliyi ələ keçirənlər əsasən Türkiyədə müalicə olunan Liviya vətəndaşlarıdır. Hadisə yerinə polis əməkdaşları göndərilib.

Liviyada artıq bir neçə gündür Milli Keçid Şurası (MKŞ) dəstələri arasında silahlı toqquşmalar gedir. Noyabrın 13-nə olan məlumata əsasən, artıq dördüncü gündür müxtəlif fasilələrlə davam edən atışmalarda ən azı 13 nəfər ölüb. Müşahidəçilər qeyd edirlər ki, bu, Müəmmər Qəddafinin öldürülməsindən sonra ən güclü zorakılıq hadisəsidir.

MKŞ lideri Mustafa Əbdülcəlil hadisənin nizamlandığını bəyan edib. Rəsmi bəyanatda xüsusən deyilir ki, əz-Zaviyə şəhəri yaxınlığında və Varşefana ərazisindəki iğtişaşlar yatırılıb. Lakin müşahidəçilərin məlumatına görə, hərdənbir olan atışma indiyə qədər də davam edir.

Qəddafinin öldürülməsindən sonra Liviya daxili çəkişmələr xaosuna qərq olub. Belə ki, səhra komandirləri ümumi məqsədi itiriblər və şəxsi mövqelərinin möhkəmlənməsi uğrunda mübarizə aparırlar. Oktyabr-noyabr ərzində Tripoli sakinləri silahlıların əyalətdən paytaxta köçürülməsi dalğasını, eləcə də mağazaların və sıravi vətəndaşların evlərinin soyğunçuluğunun dayandırılması tələbi ilə dəfələrlə mitinqə çıxıblar.

Xəbər lenti

Xəbər lenti