Azerbaijan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycana külli miqdarda partlayıcı maddə olan barıtın gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, respublikamızın şimal sərhəddindən-Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Eyvazov Qəşəm Durbala oğlu tərəfindən idarə olunan "İkarus-256" markalı, 50 BN 073 nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı iki ədəd arxa sağ və bir ədəd arxa sol işlək təkərlərin içərisindən gömrük nəzarətindən gizlədilmiş 140 kiloqram partlayıcı maddə-barıt aşkar olunaraq götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.