...

Bakı-Quba yolunda betonqarışdıran maşın minik avtomobilinin üzərinə aşıb: 5 ölü (ƏLAVƏ OLUNUB 3)

Hadisə Materials 24 Dekabr 2013 15:43 (UTC +04:00)
Bakı-Quba yolunun 22-ci kilometrliyində betonqarışdıran maşın "Nissan-Tiida" markalı minik avtomobili ilə toqquşub, nəticədə 5 nəfər ölüb.
Bakı-Quba yolunda betonqarışdıran maşın minik avtomobilinin üzərinə aşıb: 5 ölü (ƏLAVƏ OLUNUB 3)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 13:41-də yayılıb)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bakı-Quba yolunun 22-ci kilometrliyində betonqarışdıran maşın "Nissan-Tiida" markalı minik avtomobili ilə toqquşub, nəticədə 5 nəfər ölüb. Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

İlkin məlumata görə, "Mercedes" markalı minik avtomobili qəza şəraiti yaradarkən betonqarışdıran maşın qəzadan yayınmaq istəyib və yolun qarşı tərəfinə çıxaraq "Nissan-Tiida" ilə toqquşub. Nəticədə betonqarışdıran maşın "Nissan-Tiida"nın üzərinə aşıb. Minik avtomobilində olan 5 nəfər hadisə yerindəcə keçiniblər.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, betonqarışdıran maşın Bakı istiqamətinə hərəkət edərkən eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili qəza şəraiti yaradıb. Betonqarışdıran maşın qəzadan yayınmaq istəyəndə maneə çəpərlərini qıraraq qarşı tərəfdən gələn "Nissan-Tiida" markalı minik avtomobilinin üzərinə aşıb.

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Bakı-Quba yolunun 22-ci kilometrliyində "MERCEDES-BENZ" markalı yük avtomobili idarəetməni itirərək yolayrıcı metal çəpərə çırpılmış və daha sonra "NİSSAN" markalı minik avtomobilinin üzərinə aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "NİSSAN" markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış, şəxsiyyətləri məlum olmayan 5 nəfər hadisə yerində vəfat etmişdir. Xilasedicilər vətəndaşların cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:06-da başa çatıb.

Qeyd edək ki, bu, son sutka ərzində respublikada baş verən ikinci ağır yol qəzasıdır. Belə ki, 23 dekabr 2013-cü il tarixdə saat 23:45 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 115-ci km-də 1979-cu il təvəllüdlü İsmayıllı rayon sakini Xəlilov Ramil Rövşən oğlunun idarə etdiyi "VAZ-21011" markalı, 60-BH-117 dövlət qeydiyyat nişanlı avtomobillə 1992-ci il təvəllüdlü Şamaxı rayon sakini Musayev İlyas Şahbala oğlunun idarə etdiyi "VAZ-21015" markalı, 90-HK-259 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ-21011" markalı avtomobildə olan sərnişin 1981-ci il təvəllüdlü İsmayıllı rayon sakini İskəndərova Günel Ələskər qızı, habelə "VAZ-21015" markalı avtomobildə olan sərnişinlər, Şamaxı rayon sakinləri 1991-ci il təvəllüdlü Həsənov Həsənağa Binyəm oğlu və 1993-cü il təvəllüdlü Aslanov Musa Abbas oğlu hadisə yerində ölüblər, hər iki avtomobilin sürücüləri, eləcə də "VAZ-21011" markalı avtomobilin digər sərnişinləri 2008-ci il təvəllüdlü Xəlilov Əliheydər Ramil oğlu və 2010-cu il təvəllüdlü Xəlilov Abbas Ramil oğlu xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti