Azərbaycan, Bakı, 23 aprel /Trend/
Abşeron rayonunun Masazır qəsəbəsində iki piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, aprelin 22-də saat 23 radələrində Bakı şəhər sakini Zamin Məmişov idarə etdiyi QAZ-31105 markalı 90 AX 168 dövlət qeydiyyat nişanlı avtomaşınla Masazır qəsəbəsində piyadalar - Təzəgül Abbasova və Təyyar Hüseynovu vuraraq hadisə yerindən qaçıb. Hər iki piyada bədən xəsarətləri ilə Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Rayon Polis İdarəsi və prokuroluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Məmişov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.