...

Binəqədidə boya zavodundakı yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-5)

Hadisə Materials 5 İyul 2020 06:48 (UTC +04:00)
Binəqədidə boya zavodundakı yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-5)

Bakı. Samir Əli - Trend:

Binəqədidə boya zavodundakı yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Qeyd edək ki, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub. Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib. Həmçinin, fabrik ərazisindəki salamat qalmış mal-materiallar FHN qüvvələri tərəfindən yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılıb. Yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

X X X

03:58

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən alınıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

X X X

00:16

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

X X X

23:45

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

X X X

20:44

Bakıda boya fabrikində güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikində baş verib. Güclü yanğın fabrikin ərazisini bürüyüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti