...

Vəzifəli şəxsdən pul alan sayt rəhbəri cinayət başında yaxalanıb - Baş Prokurorluq

Hadisə Materials 10 Sentyabr 2021 15:57 (UTC +04:00)
Vəzifəli şəxsdən pul alan sayt rəhbəri cinayət başında yaxalanıb - Baş Prokurorluq

Bakı. Samir Əli - Trend:

Müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməklə qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, elə tədbirlərdən biri kimi – “azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.
Belə ki, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə "azadinfo.az" xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif etmiş, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarx formasında “azadinfo.az” xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yaymış, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Qeyd edilənlərlə bağlı 09 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.

10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edərək, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə etik normalara riayət edilməsini və bu kimi sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğunu bildirir.

Habelə, bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə məlumat verilməsini tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti