Bakı. Samir Əli -Trend:
Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən 5 noyabr tarixindən 3 dekabr tarixinə qədər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1307 nəfərə amnitsiya aktı tətbiq edilib.
Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov məlumat verib.
O bildirib ki, qərarın icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında amnistiya aktı tətbiq edilib:
"Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak edən məhkumlardır.
"Amnistiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlər cəzasından azad edilən məhkumlardır.
Bundan başqa azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 15 məhkumun isə cəza müddəti 1 il azaldılıb", - deyə A.Ziyadov qeyd edib.
Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.
İndiyə qədər akt 1787 şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.