...

5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Hadisə 19 Yanvar 2022 18:02 (UTC +04:00)
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışlarının etibarından sui-istifadə edərək 5 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunan Orxan Ağayevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Ağayev 15 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirlən şəxs 20-dən çox adama iş qurmaq adı ilə yüksək qazanc vəd edib. O, özünü qurbanlarına turizm sektorunda yaxşı əlaqələri olan, bu sahədə geniş təcrübə və imkanlara malik şəxs kimi tanıdıb. Əməllərini törədərkən Dövlət Təhlükəsizliyi Xidmətinin adından da istifadə edib. Zərərçəkmişlərə Bakı aeroportunda dostunun DTX əməkdaşı kimi işlədiyini və onun vasitəsilə AZAL-dan təyyarə biletlərini ucuz qiymətə alıb, baha qiymətə satacaqlarını bildirib. Orxan Ağayev zərərçəkmişlərdən aldığı məbləğlərin bir hissəsini ilk aylarda guya qazanc kimi geri qaytarıb. Sonra isə “pul bankdadır, çıxarmaq olmur” kimi bəhanələrlə onların pullarını qaytarmaqdan yayınıb.
İttihama əsasən, O.Ağayevin mənimsədiyi pulların ümumi məbləği 5 156 419 manat olub. Onun ziyan vurduğu şəxslər sırasında sahibkarlar və dövlət qurumlarının vəzifəli şəxsləri də olub. Vətəndaşların şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan Orxan Ağayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaq) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı məlum olub ki, Ağayev İqtisad Universitetində təhsil alıb, Sinqapurda maliyyə üzrə magistr təhsilini davam etdirib. Azərbaycana qayıtdıqdan sonra “Ваnk Standart”da və “Kapital Bank”da işləyib. 2017-ci ildə vəzifə saxtakarlığı və dələduzluq ittihamı məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti