Bakı. Trend:
Yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən yol infrastrukturuna baxış keçirilir, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.
"Gün ərzində də yoxlamalar davam etdiriləcək. Bundan başqa, agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib", - məlumatda deyilir.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.