Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir X.Murtuzayeva/
Yaxın vaxtlarda bakteriyaların antibiotiklərə davamlılığına son qoyulacaq. Bunu Braun Universitetinin mütəxəssisləri əmin edirlər. Məlumdur ki, müqavimət sürətlə inkişaf edir ki, bu da daim yeni-yeni antibiotiklərin yaradılmasını zəruri edir. Trend-in məlumatına görə, bu barədə "RBK Daily" xəbər verir.
Ekspertlər buna necə son qoymağın yolunu tapıblar. Onlar bakteriyaları antibiotiklər qarşısında müdafiəsiz qoyan maddə yaradıblar. Bu patogenlərdə xəstəliyə tutulmama qabiliyyəti yaradan köhnə vasitələri yada salmağa imkan verir. Beləliklə, alimlər müəyyən ediblər ki, immunitet bakteriyalar onlara düşən antibiotikləri "sorub çıxardığına" görə yaranır. Nəticədə dərman lazımi effekti vermir. Əgər bu mexanizm pozularsa, preparatlar yenidən təsir göstərməyə başlayacaqlar.
Tədqiqatçıların sözlərinə görə, "nasos zülallar" bakteriyaların nüvəsində yerləşir. Onların vəzifəsi dərmanı tanımaq və bakteriyalar üçün zərərli olan maddələri xaricə çıxarmaqdır. Bəzən "nasoslar" təkmilləşir və altıya qədər müxtəlif vasitəyə qarşı duraraq tamamilə müxtəlif strukturların preparatlarını sorub çıxarırlar.
Alimlər təsvir olunan sistemi dayandırmağa BU-005 birləşməsi vasitəsilə nail olublar. Belə ki, o, vərəm törədicisinin qohumu olan "Streptomyces coelicolor" bakteriyaları üzərində artıq sınaqdan keçirilib. Bu bakteriyalar ən qədim antibiotiklərdən biri olan xloramfenikola müqavimət göstərməyə qadirdir. BU-005 isə preparata onu məhv etməyə imkan verib. Alimlər bunu əczaçılıqda əsl irəliləyiş adlandırıblar.
Demək lazımdır ki, patogenlərə qarışıq təsir etmək ideyası təzə deyil. Hazırda bazarda tərkibində bakteriyaların müdafiə fermentini dağıdan komponentlərin olduğu bəzi antibiotikləri tapmaq mümkündür. Belə vasitələr adətən sepsis, peritonit, ağır ginekoloji və uroloji xəstəliklər zamanı tətbiq edilir.