Azərbaycan, Bakı, 15 may /Trend, müxbir X.Murtuzayeva/
Yer kürəsinin bioloji resursları 1970-ci ildən 2008-ci ilədək 28 faiz azalıb. Ümumdünya Vəhşı Təbiət Fondu (ÜVTF) mütəxəssislərinin ildə iki dəfə hazırladıqları "Canlı planet" adlı yeni məruzədə belə deyilir. Bu barədə Trend çərşənbə axşamı Rusiya KİV-ə istinadən məlumat verir.
Fondun mütəxəssislərinin demək olar ki yarısından çoxu bioloji müxtəlifliyin parametrlərinin azalması qənaətinə gəlib. Bu nəticə 9 mindən artıq fəqərəli heyvan siniflərinin - məməlilər, balıqlar, quşlar, sürünənlər və suda-quruda yaşayanların çoxalmasının inkişafını öyrənmək əsasında müəyyən edilib.
Fondun ekspertləri qeyd edirlər ki, 1966-cı illə müqayisədə insanların təbii resurslara tələbatı iki dəfə artıb.
Onların sözlərinə görə, dünyanın ekoloji sisteminin əsas istifadəçisi və çirkləndiricisi ABŞ-dır. "Əgər bütün dünya təbii resurslardan amerikalıların bu gün istifadə etdikləri miqyasda faydalanarsa, onda ekoloji tarazlığın saxlanması üçün Yerlə müqayisə oluna bilən daha beş planet lazım gələrdi", - məruzədə deyilir.
Lakin ABŞ dünyanın təbii resurslarından israfçılıqla istifadə edən (adambaşına) ölkələrin siyahısında yalnız beşinci yeri tutur. Bu göstərici üzrə liderlər Qətər (1-ci yer), Küveyt (2), Birləşmiş Ərəb Əmirlikləri (3) və Danimarkadır (4). 6-dan 10-dək olan yerləri müvafiq olaraq Belçika, Avstraliya, Kanada, Niderland və İrlandiya tutur. Rusiya bu siyahıda 33-cü yerdədir.