...

Ermənistan Azərbaycanı Avropada adi silahlara dair müqaviləni pozmaqda günahlandıra bilməz – Prezident aparatının şöbə müdiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2007 17:10 (UTC +04:00)
Ermənistan Azərbaycanı Avropada adi silahlara dair müqaviləni pozmaqda günahlandıra bilməz – Prezident aparatının şöbə müdiri

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Rəsmi Bakı Ermənistanın rəsmi şəxslərinin Azərbaycanın silahlanma kvotasını pozduğu barədə bəyanatlarını "uydurma və adi yalan" hesab edir. "Ərazisində Rusiya hərbi bazasının yerləşməsinə icazə verən Ermənistan, Azərbaycanı Avropada adi silahlara dair müqaviləni pozmaqda günahlandıra bilməz "- cümə günü Azərbaycan prezidenti icra aparatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Trend ə bildirib. Ermənistan XİN - in rəhbəri Vardan Oskanyan cümə axşamı Madriddə, ATƏT - in Xarici İşlər Nazirləri Şurasının illik iclasında Azərbaycanı, Avropada adi silahlar üzrə müqavilə üzrə limiti keçməkdə günahlandırıb. Avropada adi silahlar üzrə müqavilə 1990 - cı il noyabrın 19 - da Parisdə imzalanıb və 1992 - ci il noyabrın 9 - dan qüvvəyə minib. Azərbaycan və Ermənistan müstəqillik əldə etdikdən sonra, digər postsovet ölkələri kimi, Müqaviləni imzalayıb. Münaqişə vəziyyətində olan hər iki ölkə silahlanma limitini keçməmək barədə öhdəlik götürüb. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına görə başlayıb. Dağlıq Qarabağ və ona bitişik 7 rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahli Qüvvələrinin işğalı altındadır. 1994 - cü ilin mayında tərəflər atəşkəsə nail olublar və o vaxtdan, ATƏT - in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ - ın həmsədrliyi ilə, hələ ki uğursuz, sülh danışıqları aparılır. "Ermənistan təkcə işğal olunmuş Dağlıq Qarabağda Ermənistanın özündə olan qədər silah yerləşdirib" - şöbə müdiri bildirib. Ermənistan rəhbərliyinin bu cür bəyanatlarını o, "əsası olmayan" adlandırıb. Azərbaycan Müdafiə Nazirliyi və ölkənin müstəqil ekspertləri Ermənistanın Azərbaycanın ünvanına ittihamlarına qarşı çıxıblar."Azərbaycan adi silahlara dair müqaviləni pozacaq heç bir addım atmayıb və beynəlxalq təşkilatlar bizə bu məsələ ilə əlaqədar heç bir irad bildirməyiblər"- cümə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend ə bildirib. Müstəqil ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Ermənistan artıq uzun zaman ərzində Rusiya və Çin vasitəsilə qanuni və qeyri - qanuni yolla silahlanır və Azərbaycanın ünvanına ittihamlar beynəlxalq ictimaiyyətin diqqətini özündən uzaqlaşdırmağa yönəlib.

Xəbər lenti

Xəbər lenti