...

XİN Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəlikdən imtina etməyə ehtiyac görmür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair Avropa Şurası qarşısında götürdüyü öhdəlikdən imtina olunması barədə təklif rəsmi və qeyri-rəsmi nümayəndələr tərəfindən birmənalı qarşılanmır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan hökümətinə və siyasi partiyalara müraciət edərək Dağlığ Qarabağ probleminin yalnız sülh yolu ilə həll ediləcəyi barədə 2001-ci ildə Avropa Şurası qarşısında götürülən öhdəlikdən imtina etməyə çağırıb. Həsənquliyevin fikrincə, bu öhdəlik beynəlxalq qurumların işğalçı Ermənistana loyal münasibət göstərməsinə, Ermənistanın təcəvüzkar siyasətini davam etdirməsinə, aqresiv mövqeyindən geri çəkilməməsinə səbəb olur.

2001-ci ildə Avropa Şurası qarşısında öhdəliyə razılıq vermiş aparıcı partiyalardan biri - Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend ə açıqlamasında bildirib ki, o, BAXCP-nin təklifini qəbul etmir və buna müsbət yanaşmır. Onun fikrincə, əgər bu öhdəlikdən imtina olunsa, Azərbaycan Avropa Şurasından çıxmalıdır.

"Biz hesab edirik ki, Qarabağ münaqişəsini həll etmək üçün hələ sülh imkanları tükənməyib. Azərbaycan bütün növ diplomatik imkanları sınaqdan çıxardıqdan və bunlar nəticə vermədikdən sonra sülhə dair öhdəlikdən imtnia edə bilər"-deyə ADP sədri bildirib.

Cəlaloğlu hesab edir ki, Azərbaycan sülh yolu ilə işğalçı Ermənistana qalib gəlmək üçün özünün hidroenerji yataqlarından, kommunikasiya imkanlarından, geopolitik üstünlüyündən səmərəli istifadə etmir.

Cəlaloğlunun fikrincə, hal-hazırda isə Azərbaycan sülhdən imtina edib, hərbi yolla mübarizəyə başlasa, məğlub olacaq.

Azərbaycanın Xarici İşlər Nazirliyində isə hesab edirlər ki, hələki sülh barədə öhdəlikdən imtina olunmasına ehtiyac yoxdur.

"Çünki Azərbaycan hesab edir ki, sülh imkanları hələ tükənməyib, ona görə də Ermənistanla danışıqları davam etdirir"-deyə XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İrahim Trend ə açıqlamasında bildirib.

İbrahimin sözlərinə görə, Azərbaycan təkcə Avropa Şurası deyil, bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bəyan edib ki, dinc yolla nizamlanma üçün bütün resurslardan istifadə edəcək. Azərbaycan XİN-i bu günlərdə təkrar bəyanat verib ki, sülh prosesində Azərbaycan əlindən gələni edir. İbrahim əlavə edib ki, rəsmi Bakının hər zaman bəyan etdiyi kimi, əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində özərazi bütövlüyünü öəra etmək hüququnu özündə saxlayır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti