...

Azərbaycan, Ermənistan və Rusiya birgə Bəyannaməsi üzrə region politoloqlarının fikirləri müxtəlif olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2008 17:52 (UTC +04:00)
Azərbaycan, Ermənistan və Rusiya birgə Bəyannaməsi üzrə region politoloqlarının fikirləri müxtəlif olub

Azərbaycan, Bakı, 03 noyabr/ Trend / Azərbaycan, Ermənistan və Rusiya prezidentləri bazar günü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Bəyannamə imzalayıblar.

Trend Agentliyi şərh üçün regionun aparıcı politoloqlarına müraciət edib.

İmzalanan sənəd Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması prosesini nə dərəcədə sürətləndirə bilər?

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim: Azərbaycan, Ermənistan və Rusiya prezidenetlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə Bəyannaməsi danışıqların bütün məqamlarını əks etdirən çəkiyə malik sənəddir.

Sənədin imzalanmasında yeni bir şey axtarmaq lazım deyil. İndiyədək danışıqlar aparılır və onların əhəmiyyəti Bəyannamədə əks olunub. Danışıqların növbəti mərhələsinə keçmək üçün təməl qoyulmalıdır.

Şifahi bəyanatlardan sonra sənəd imzalanmalı və təsdiq edilməlidir. Yüksək səviyyədə imzalanan Bəyannamə ehtiyacdan irəli gəlir. Azərbaycan danışıqlar prosesinin davam etdirilməsi niyyətində qətidir. Danışıqların növbti mərhələsinin necə olacağı məlum deyil.

Azərbaycanın müstəqil politoloqu Zərdüşt Əlizadə : Azərbaycan, Ermənistan və Rusiya preziderntləri arasında Moskvada imzalanan Bəyannamə, faktiki olaraq, heç nə demək deyil. Orada göstərilib ki, nizamlanma beynəlxalq qanunlar üzrə aparılmalıdır, lakin öz müqəddaratını təyin etmə və ya ərazi bütövlüyü hüquqları çərçivəsində olub - olmaması göstərilməyib.

Sosial İşləmələr Fondunun prezidernti Rəşad Rzaquliyev: Bu danışıqlar yalnız Rusiyanın vasitəçiliyi ilə keçirilib. ATƏT-in Minsk Qrupu - bu gün bir araya sığışmayan maraqların qrupudur.

Regionda güc balansı pozulub və nəticədə, Rusiya birtərəfli şəkildə bu münaqişənin həlli və ondan irəli gələn nəticələrə dair məsuliyyəti üzərinə götürüb.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, Dövlət Dumasının deputatı Sergey Markov: Rusiya regionda əcnəbi oyunçuların, xüsusilə də ABŞ -ın iştirakını azaltmaq istəyir. Onun Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu üzərinə götürməsi bundan xəbər verir.

Bu sənəd - Niyyət Bəyannaməsi müharibəyə yol verməyəcək. Rusiyanın niyyəti hər vasitə ilə əməkdaşlığa yardım göstərmək və regionda sabitləşdirici amil olmaqdır. Müharibənin olmaması, ilk növbədə, Azərbaycanın xeyrinədir; o, Ermənistana nisbətən kifayət qədər yüksək temp ilə inkişaf edir. Lakin bütün tərəflər müxtəlif kontekstlərdə fayda hiss edirlər.

Gürcüstanlı politoloq Arçil Qeqeşidze: Rusiya Gürcüstanda itirilmiş sülhməramlı imicini bərpa etməyə çalışır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəallaşma da, məhz bununla əlaqədardır.

Qərbin etirafına görə, Rusiya Gürcüstanla münasibətdə tələb olunan həddi aşaraq, sülhməramlı imicinə zərbə vurub, Gürcüstan tərəfinin qiymətləndirməsinə görə isə, o, sadəcə olaraq, təcavüzə əl atdı və bu fikri Qərbdə də bir çoxları bölüşür.

Azərbaycanın müstəqil politoloqu Vəfa Quluzadə : Bu Bəyannamənin imzalanmasına lüzum yox idi, belə də aydın idi ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün Ermənistana hücum etməyə hazırlaşmır, belə ki, Ermənistanın Rusiya ilə hərbi əməkdaqlığa dair müqaviləsi var, bu razılaşmaya əsasən, Azərbaycanın hücum edəcəyi təqdirdə Rusiyanın onunla müharibə etməyə qanuni əsası var.

Çox ehtimal ki, bu, Rusiya tərəfinin Qərb və ABŞ -a jesti idi, guya ki, o, bu məsələ ilə məşğul olur, onlar isə vaxt uzadırlar. Bu sənəd yalnız Ermənistana və Rusiyaya faydalıdır. Əvvəllər Ermənistan Azərbaycanın hücum edə biləcəyini güman edirdisə, indi onlar sənəd əldə etdilər və rahat yata bilərlər.

Müstəqil politoloq Rüstəm Məmmədov: Bəyannamədə konkret bir şey yox idi, buna görə, onun praktiki faydası barədə danışmaq çətindir. Lakin sənədin imzalanması mərasimində Azərbaycan prezidertnin ermənistanlı həmkarına nisbətdə daha razı görünməsi, mənə Rusiyanın münaqişənin bizim xeyrimizə həlli üzrə hansısa addımlar atmağa başlaması barədə düşünməyə əsas verir.

Bəyannmə, sadəcə olaraq, niyyət bəyanatı olsa da, çox ümid edirəm ki, bu sənəd uğurlu gediş olacaq. Son hadisələr fonunda sənədin imzalanması irəliyə mütərəqqi addımdır. Bu münaqişə yalnız bir vasitəçinin iştirakı ilə nizamlana bilər, bir - biri ilə rəqabətdə olan vasitəçilərin olması nizamlanma üzrə normal iş aparmağa mane olacaq.

Müxalif Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə : Bəyannamə Rusiya prezidentinin piar aksiyasıdır. Rusiya Cənubi Osetiya və Abxaziyadakı hadisələrdən sonra "dondurulmuş münaqişlər"in həllində fəal iştirak etmək niyyətində olduğunu nümayiş etdirmək istədi, əslində, Bəyannamə nizamlanma prosesində irəliyə ciddi addım deyil.

Əgər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması cədvəli müəyyən olunsaydı, biz Rusiyanın sülhün əldə olunmasında ciddi istəyindən danışa bilərdik.

Azərbaycant Parlamenti daimi komissiyasının sədr müavini Gültəkin Hacıyeva: Rusiya, Ermənistan - Azərbaycan münaqişəsinin yaranmasında iştirakçı dövlət kimi, nəhayət ki, onun həlli təşəbbüsünü öz üzərinə götürdü. Bu təşəbbüsün necə nəticələnəcəyi barədə nəsə demək hələ tezdir, lakin bu istiqamətdə müəyyən təşəbbüslərin olmasını Rusiya tərəfindən müsbət addım kimi qiymətləndirmək olar.

Müxalif Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu : Dağlıq Qarabağ problemi yalnız Cənubi Qafqaz regionunda iri dövlətlərin təsir dairələrinin müəyyənləşdirilməsi başa çatandan sonra həll olunacaq. İndi bu proses pik nöqtəsindədir.

Rusiya birmənalı şəkildə Gürcüstanın ərazilərini işğal edib və Azərbaycanı da belə təhlükə ilə üzləşə biləcəyi ilə hədələyirsə, Moskva danışıqlarının da Qarabağ probleminin həllində heç bir müsbət nəticəsi ola bilməz.

Moskva indiki halda Cənubi Osetiya və Abxaziyadakı işğalçı hərəkətlərinə haqq qazandırmaq, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə bu görüşü təşkil edib. Bu cür görüşlərin Qarabağ məsələsinin indiki mərhələdə hər hansı formada həllinə müsbət təsir göstərəcəyini düşünmək əhəmiyyətsizdir.

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə : Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallaşması onun həllini sürətləndirəcək. İmzalanan Bəyannamə hüquqi öhdəliklərin qəbulu deməkdir ki, bu da müsbət məqamdır. Ermənistan dəfələrlə beynəlxalq hüquq prinsiplərini pozub və bu Bəyannamə bu ölkə üçün məneə olacaq.

Azərbaycan tərəfindən irəli sürülən prinsiplərin əksəriyyəti, xüsusilə də, münaqişənin beynəlxalq prinsiplər əsasında həlli və regionun inkişafına onun mənfi təsirinə dair prinsiplər Bəyannamədə əksini tapıb.

Sorğunun aparılmasında R.Novruzov, A.Hüseynbala, İ.Əlizadə iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti