...

Azərbaycan deputatları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı parlamentdə dinləmələrin keçirilməsini istəyirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2008 13:30 (UTC +04:00)
Azərbaycan deputatları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı parlamentdə dinləmələrin keçirilməsini istəyirlər

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin qanunverici orqanda müzakirə olunmasını tələb edirlər.

"Parlament deputatlarının münaqişənin həllinə dair aparılan danışıqların hansı mərhələdə olduğu haqda heç bir məlumatları yoxdur. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyətin parlamentdə müzakirə olunmasını tələb və təklif edirəm", - bu barədə parlamentin çərşənbə axşamı keçirilən iclasında müxalifəti təmsil edən Ümid Partiyasınının sədri, deputat İqbal Ağazadə bildirib.

Trend -ın arayışı: Noyabrın 2-də Moskvada "Mayn Dorf" sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - Ilham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev bəyannamə qəbul ediblər. Rusiya, Ermənistan və Azərbaycan Qafqazda vəziyyətin sağlamlaşdırılması üzərində işlərin aparılması qərarına gəliblər və XİN rəhbərləninə tapşırılıb ki, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması istiqaməində işlər davam etdirilsin.

Bəyannamə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllini nəzərdə tutur. Münaqişənin həlli üçün Türkiyə tərəfi prosesə aktiv qoşulub.

Ağazadə qeyd edib ki, danışıqların gedişi, münaqişənin həllinin yubanması, hansı səbəbə görə irəliləyişin əldə olunmaması ilə bağlı deputatlara məlumat verilməlidir.

Deputatın sözlərinə görə, Azərbaycan parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair məsələ 2001-ci ildə müzakirə olunub.

"Millət vəkilləri danışıqların gedişinə dair heç bir məlumat əldə edə bilmirlər. Bütün məsələləri icra hakimiyyəti orqanları həll edir. Nəticədə isə əhəmiyyətli orqan olan parlament prosesdən kənarda qalır. Ona görə də yaxın günlərdə, 2008-ci ilin sonuna qədər məsələ parlamentdə müzakirə olunmalıdır", - deyə Ağazadə vurğulayıb.

O bildirib ki, Ermənistan tez-tez Dağlıq Qarabağ münaqişəsini parlamentdə müzakirə edir, məsələyə dair dinləmələr keçirir, danışıqların gedişi ilə bağlı cəmiyyətə məlumat verilir.

Müxalifəti təmsil edən BütövAzərbaycan Xalq Çəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də Dağlaq Qarabağ münaqişəsinə dair məsələnin parlamentdə müzakirə edilməsi təklifini dəstəkləyib. O qeyd edib ki, cəmiyyətə danışıqların gedişi ilə bağlı məlumat verilməlidir.

Müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn də təklifi dəstəkləyib.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bütün dünyaya məlumdur.

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqlar, Türkiyənin münaqişənin həlli prosesinə qoşulması və Moskvada keçirilən danışıqlarla bağlı cəmiyyətə məlumatlar verilib. Lakin danışıqların detallarının indiki mərhələdə açıqlanması məqsədəuyğun deyil. Nəticə əldə olunandan sonra detalları açıqlamaq olar, ona görə də Dağlıq Qarabağ münaqişəsinin parlamentdə müzakirəsinə ehtiyac yoxdur", - deyə o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti