...

İslam Konfransı Təşkilatının Gənclər Forumu "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyasına Türkiyədə start verir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2009 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir C.Babayeva/ İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumu "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyasına İstanbulda "Xocalı gənclərin gözü ilə" foto-sərgisi ilə start verir. 

Fevral 21-də saat 12:00-da İstanbulun Taksim metrostansiyasının sərgi salonunda Xocalı ilə bağlı uşaqların

çəkdiyi şəkillərdən və həmçinin kampaniyaya qoşulmuş xarici ölkə gənclərinin yaradıcı fotoşəkillərindən ibarət sərginin açılışı planlaşdırılır. Açılışda Türkiyənin millət vəkilləri, nazirlik nümayəndələri, bələdiyyə başçıları, elm adamları və önəmli mediya qurumları iştirak edəcəklər. Eyni zamanda metrostansiyadan istifadə edən İstanbul əhalisinin də sərginin açılışına böyük maraq göstərəcəyi nəzərdə tutulur. Sərgi fevralın 24-nə qədər davam edəcək, - cümə günü İKT Gənclər Forumunun Mediya Departamentinin yaydığı məlumatda bildirilib.

"Xocalıya Ədalət" (Justice for Khodjaly) beynəlxalq məlumat və təşviqat kampaniyası İslam Konfransı Təşkilatına (İKT) üzv qurumu olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilib və ötən ilin may ayının 8-də kampaniyaya start verilib.

1992-ci ilin fevral ayının 26-da Xocalı şəhərində törədilmiş insanlığa qarşı cinayətin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətə hüquqi, siyasi və insani qiymətin verilməsi üçün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin geniş beynəlxalq ictimaiyyətə çatdırılması və bu sahədə təşviqat aparılması məqsədlərini daşıyan kampaniyanın beynəlxalq səviyyədə rəsmi açılışı fevral 26-da həyata keçiriləcək. Həmin gün kampaniyanın və həmçinin onun internet saytının (www.justiceforkhojaly.org) Avropa, Amerika və Asiyanın bir çox paytaxt şəhərlərində təqdimatının keçirilməsi ilə kampaniyaya beynəlxalq səviyyədə start veriləcək.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti