...

Azərbaycanın işğal olunan ərazilərində narkotik vasitələrin daşınmasının qarşısını almaq çətindir - BMT

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2009 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın işğal olunan nəzarətsiz qalmış ərazilərində narkotik vasitələrin daşınmasının qarşısının alınmasının çətin olduğunu bildirir.

"Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin daşınması və onun istehsalına qarşı mübarizə aparmaq çətindir", - Trend -un məlumatına görə, cümə axşamı jurnalistlərə Azərbaycanda səfərdə olan BMT-nin Narkotika və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya (UNODC) üzrə regional nümayəndəsi Ceyms Kallahan deyib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ötən il Azərbaycanda 20 741 narkoman, 2007-ci ildə isə 19 500 narkoman rəsmi qeydə alınıb. Azərbaycanda 2008-ci ildə 1815, 2007-ci ildə isə 1379 HİV və QİÇS daşıyıcısı qeydə alınıb.

BMT nümayəndəsinin sözlərinə görə, qeydə alınmayan narkomanların sayı rəsmi statistikadan dəfələrlə çoxdur.

Kallahan deyib ki, BMT hələ 2003-cü ildə Cənubi Qafqaz ölkələrində narkotika və cinayətkarlıqla bağlı qiymətləndirmə aparmaq üçün missiya göndərsə də, missiya Azərbaycanın işğal olunmuş ərazilərinə buraxılmayıb.

BMT-nin Narkotika və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya (UNODC) üzrə regional nümayəndəsi Kallahanın səfəri çərçivəsində Azərbaycan hökuməti nümayəndələri ilə ikitərəfli görüşləri zamanı narkotiklərə qarşı mübarizə sahəsində Azərbaycanın prioritetləri, bu sahədə UNODC-nin hüquq-mühafizə orqanlarına mümkün köməyi, narkoasılılığın miqyasının azaldılması, narkomaniyanın müalicəsi və narkomanların reabilitasiyası sahəsində müvafiq qanunvericilik və inzibati aktların beynəlxalq konvensiyalara uyğunlaşdırılması məsələləri müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti