Ermənistan və Azərbaycan prezidentlərinin Sank-Peterburqda keçiriləcək görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi irəliləyişlərə imkan yaradacaq. Bu barədə cümə günü Yerevanda jurnalistlərə Böyük Britaniyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brayan Fol bildirib. Xəbəri "Novosti-Armeniya" yayıb.
"Biz hər iki tərəfin nizamlanma prosesində daha da yaxınlaşması ilə razıyıq və ümid edirik ki, iyunun 4-də Sank-Peterburqda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı daha böyük irəliləyişlər əldə ediləcək. Düşünürəm ki, görüşün yekununda yaxşı xəbərlər açıqlanacaq", - deyə Fol bildirib.
O qeyd edib ki, danışıqlar prosesinin bütün iştirakçıları Ermənistan ilə Azərbaycan arasında mövcud olan problemlərin həlli üçün səy göstərməlidirlər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.