Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir E.Tariverdiyeva /
Yaxın günlərdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçiriləcək. Azərbaycan tərəfi bu görüşdən əsas məsələlərin müzakirəsini, Ermənistan tərəfinin sonuncu görüşdəki mövqeyinin dəyişməsini gözləyir, cümə axşamı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
"Azərbaycan kompromislərə yer saxlayır, hazırda biz körpünün ortasındayıq və Ermənistanın da öz payına düşən yolu gəlməsini gözləyirik", - Əzimov bildirib. "Ermənistan tərəfindən kompromislər olmadan bu məsələdə irəliləyiş barədə danışmaq olmaz", - o əlavə edib.
"Azərbaycanın mövqeyi aydındır - münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli", - o deyib.
"Bu mövqe beynəlxalq prinsip və normalara əsaslanan beynəlxalq cəmiyyət tərəfindən dəstəklənir və ikili standart məsələsi ola bilməz. Baxmayaraq ki, Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildirir, biz əməli hərəkətlər görmürük", - Əzimov bildirib.
"Hazırkı mövqeyində Ermənistanın beynəlxalq norma və standartlara müvafiq olduğunu Bakı görmür", - Azərbaycanın xarici işlər nazirinin müavini qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Əzimovun sözlərinə əsasən, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi tərəflərarası danışıqlarda əsas komponentdir.
"Dağlıq Qarabağ və işğal olunmuş yeddi rayon Azərbaycanın ayrılmaz hissəsidir və müzakirə mövzusu deyil", - nazir müavini vurğulayıb. Onun sözlərinə əsasən, yeddi rayonunun azad edilməsi Azərbaycanın mövqeyində həmişə prinsipial yer tutub.
"Ermənistanın yalnız iki variantı var - ya münaqişə ümumiyyətlə həll edilməyəcək, ya da Dağlıq Qarabağın statusu azərbaycanlı qaçqınların işğal olunmuş ərazilərə qayıtmasından sonra müəyyən ediləcək", - Əzimov bildirib.
Onun sözlərinə əsasən, belə bir prinsip mövcuddur ki, "nə qədər ki, hər şey razılaşdırılmayıb, heç nə razılaşdırılmayıb, buna görə də müzakirələr davam edəcək, lakin onların da həddi var".