Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir T.Cəfərov/
İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır.
"İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Münaqişənin sülh yolu ilə həlli düşmənləri məyus edəcək və onların regionla bağlı çirkin planlarını alt-üst edəcək", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Bakıda səfərdə olan Azərbaycan-İran parlamentlərarası işçi qrupunun həmsədri Seyid Kazım Musəvi bildirib.
Azərbaycan-İran parlamentlərarası işçi qrupunun həmsədri və üzvləri bu gün Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar səfər çərçivəsində Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşəcəklər.
Musəvi əlavə edib ki, region ölkələri özləri bu problemin həllinə qadirdirlər, ABŞ və regiondan kənar digər ölkələr öz maraqları üçün münaqişənin uzadılmasına çalışırlar.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.